173
Bu gün 27 İyul 2021, 15:45

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü keçirilir

Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysərinin üçtərəfli görüşü keçirilir. Toplantıda üç ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunur. 

Görüşdə çıxış edərkən, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, üç ölkə arasında mövcud olan münasibətlər qardaşlıq əlaqələrinin etimadına söykənir: “Bu əlaqələrin günümüzə qədər gəlib çıxması təqdirəlayiq haldır. Bugünkü görüş hər üç xalqın bir-birinə yaxınlaşması zərurətinin bariz nümunəsidir”, - spiker vurğulayıb. 

S.Qafarova qeyd edib ki, Türkiyə və Pakistanın milli maraqları ilə bağlı məsələlərdə hər iki ölkənin mövqeləri ayrı-ayrı platformalarda daim dəstəklənib və bundan sonra da dəstəklənəcək: “Bugünkü görüş dövlətlərimiz arasında olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfəsini vermiş olacaq və xalqların daha da yaxınlaşmasına kömək edəcək”. 

Qeyd edək ki, görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi”nin imzalanması nəzərdə tutulub. İyulun 28-də Türkiyə Böyük Millət Məclisi sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb. Bundan başqa, M.Şentop Füzuli və Şuşa şəhərlərinə səfər edəcək. Virtualaz.org

Xəbərlər