384
Bu gün 21 İyul 2021, 23:37

"Johnson & Johnson" peyvəndi "Delta" variantına qarşı daha az effektivdir

ABŞ-dakı tədqiqatların nəticəsi göstərir ki, Johnson & Johnson şirkətinin tək dozalı COVID-19 peyvəndi koronavirusun yeni versiyalarına qarşı daha az təsirlidir. New York Universitetinin (NYU) Grossman Tibb Fakültəsinin tədqiqatçıları könüllülərdən alınan qan nümunələrinin laborator müayinəsindən sonra bu nəticəyə gəlib.

Aparıcı tədqiqatçı Nataniel Landau Johnson & Johnson peyvəndinin RNA metodu ilə hazırlanan iki dozalı Pfizer və ya Moderna peyvəndləri ilə müqayisədə virusun yeni mutasiyalarına qarşı daha az effektiv olduğunu bildirir. Çərşənbə axşamı onlayn yayımlanan tədqiqat hələ ki, nəzərdən keçirilməyib və elmi jurnallarda çap olunmayıb. Və peyvəndin dünyadakı təsirlərini əks etdirmir. 

 Hindistanda ilk dəfə aşkarlanan Delta variantı virusun başqa versiyaları ilə müqayisədə daha sürətlə yayılır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bildirdiyinə görə, hazırda ölkədəki yoluxmaların 83 faizi Delta versiyasının payına düşür.

Johnson & Johnson bu yaxınlarda tək dozalı peyvəndinin Delta variantına qarşı səkkiz aya qədər təsirli olduğunu göstərən bir araşdırma yayımlamışdı. Lakin Landau bildirir ki, NYU-nun araşdırmasının nəticələrinin Johnson & Johnson-nun gücləndirici doza işləyib hazırlanmasının vacibliyini göstərdiyini bildirir. Johnson & Johnson peyvəndi Ərzaq və Dərman İdarəsi tərəfindən təsdiqləndikdən bəri problemlərlə üzləşir. Peyvənd nadir, lakin ciddi qan laxtalanması və nevroloji problemə yol aça bilir.

Digər tərəfdən bu ilin əvvəlində şirkətin Baltimor şəhərindəki fabrikində Johnson & Johnson peyvəndi ilə AstraZeneca peyvəndinin səhvən qarışması nəticəsində milyonlarla doza məhv olmuşdu.

Xəbərlər