242
Bu gün 21 İyul 2021, 10:55

Piyadalar vuruldu, avtomobillər toqquşdu...

Ötən axşam Azərbaycanın yollarında çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınıb, ölən və xəsarət alanlar var. Piyadaların vurulması halları yenə də intensiv baş verir və demək olar ki, hər gün bir neçə piyada Bakının və respublikanın digər yaşayış məntəqələrinin yollarında avtomobillə vurulur.

Ötən gecə Salyanda avtomobil yolu keçən 1993-cü il təvəllüdlü lov Əmrah Heydər oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Bakıda da xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.Yasamalda iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2004-cü il təvəllüdlü Əliyeva Aysel Zamin qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Yasamalda digər hadisə -iki avtomobilin toqquşması nəticəsində sərnişin, rimov Abbas Şəmil oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hacıqabul rayonunda da  piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində yerləşən restoranların birinin qarşısında qeydə alınıb. Haciqabul rayon sakini, 1967-ci il təvəllüdlü İsifova Sevda Ramazan qızı yolu keçmək istəyən zaman avtomobil onu vurub. Qəza nəticəsində kəllə-beyin travması alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq S. İsifovanın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada keçinib.

Bakının Nizami rayonunda isə  yol-nəqliyyat hadisəsini törədən sürücü ərazidən qaçıb. Hadisə Mikayıl Əliyev küçəsində baş verib. Sürücüsü hələ ki məlum olmayan “Jeep” markalı avtomobil yol kənarında dayanan və Kəmaləddin Ağayevə məxsus “Mercedes” və Firdovsi Məmmədova məxsus “Hyundai” markalı avtomobillərə çırpılıb. Zərbənin gücündən avtomobillər “Range Rover” və “Mercedes” markalı yük maşınına çırpılıb. Qəzaya səbəb olan “Jeep” markalı avtomaşının sürücüsü hadisə yerindən uzaqlaşıb. Faktla bağlı əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranıb. Polislər nəqliyyatın hərəkətini tənzimləyib. Avtotexniki ekspertiza təyin edilib. (İnformasiya agentliklərinin məlumatları əsasında)

 

Xəbərlər