1889
Bu gün 8 İyun 2021, 23:14

Laçında saxlanılan Ermənistan hərbçisi ölkəsinə təhvil verildi

Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.

Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik.

**14:14

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.

İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.

Xəbərlər