143
Bu gün 18 oktyabr — 22:58

Ceyhun Bayramov Aİ-nin təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə danışdı

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel arasında telefon danışığı olub.

XİN-dən virtualaz.org-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov, şənbə günü, humanitar atəşkəs barədə ikinci razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu Ali Nümayəndənin diqqətinə çatdırıb. Nazir humanitar atəşkəs rejimini pozmaqla Ermənistanın beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquqa dair öhdəliklərinə riayət etmədiyini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Ali nümayəndə Cosef Borel, Aİ-nin sözçüsünün Gəncə şəhəri ilə bağlı açıqlamasına toxunub və mülki insanları və mülki obyektləri hədəf almağın qəbuledilməz olduğunu vurğulayıb. O hər iki tərəf ilə razılaşdırılmış humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini bildirib və münaqişənin həlli üçün mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.

Nazir C.Bayramov, Azərbaycanın Gəncə şəhərinə hücum və mülki şəxslərin hədəf alınması ilə bağlı bəyanatla çıxış etdiyi üçün Avropa İttifaqının ali nümayəndəsinə təşəkkürünü bildirib. Nazir, bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb.

Xəbərlər