228
Bu gün 29 sentyabr — 16:41

Türkiyə Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Sahibə Qafarovaya zəng etdi

Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib.

Parlamentdən verilən məlumata görə, Milli Məclisin Spikeri telefon danışığında Dağlıq Qarabağ ərazisində məlum hadisələrlə əlaqədar Türkiyə rəsmilərinin və ictimai xadimlərinin Azərbaycana hər cür dəstək verməsinin çox önəmli olduğunu, dost və qardaş xalqın dəstəyininin qürur verdiyini bildirib. Sahibə Qafarova vurğulayıb ki, cəbhə bölgəsindəki vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana dəstək verdiklərini birmənalı şəkildə ifadə ediblər.

Türkiyənin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı ilə telefon söhbətində Milli Məclis Sədri qeyd edib ki, həmkarı Mustafa Şentopla telefon danışığı zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Türkiyənin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini şəxsən söyləyib. "Bu, "bir millət iki dövlət" ifadəsinin günümüzdə real təcəssümüdür. Xalqımız bu dəstəyi belə də qəbul edir", - deyən Spiker Sahibə Qafarova TBMM-də təmsil olunan bütün siyasi partiyaların bu sınaq günlərində Azərbaycanla həmrəy olduqlarını öz bəyanatlarında ifadə etməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Biz bütün partiyalara bu qardaş mövqeyinə görə dərin təşəkkür edirik.

Xəbərlər