2139
Bu gün 3 iyul — 17:08

TƏBİB sədri: "Vətəndaşlar payız-qış aylarına ciddi hazır olmalıdır"

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Virtualaz.org xəbər verir ki, bu dəfəki mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminisrtasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev, Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak edir.

Tədbirdə ölkədə pandemiya ilə bağlı son vəziyyətlə bağlı məlumat verilib.

Maska və sosial məsafə...

Şahmar Mövsümov bildirib ki, koronavirus ümumxalq problemidir. Bu problemə qarşı hamı səfərbər olmalıdır: “Elə müharibədəyik, öncəbhədəyik. Hamımız bu mübarizəyə qoşulmalıyıq ki, qalib çıxaq. İndi elə unikal vəziyyətdir ki, dünya təcrübəsi yoxdur”.

Mövsümov əlavə edib ki, heç kim isti havada əlcəkdə, maskada gəzmək istəməz. Ancaq pandemiyanın qarşısını almaq üçün hamımız qaydalara riayət etməliyik. “Sosial məsafəni saxlamasam, maska taxmasam, əlimi yumasam, heç nə olmaz” demək düzgün deyil. Sərt karantin rejiminin uzadılmasının da səbəbi odur ki, artım zəncirini qırmaq üçün tibbi-metodiki göstərişlərə riayət edilməlidir.

Ş. Mövsümov deyib ki, bu gün artım dalğası tək Azərbaycanla bağlı deyil. ABŞ və Çində də bu artım var. Azərbaycandan sonra yumşalmalara gedən ölkələrdə də ciddi problem var. Sadəcə, maska taxmaq, sosial məsafəni gözləmək, əlləri yumaq lazımdır.

Virusu başqalarına yoluxduranlar bilməlidirlər ki...

Şahmar Mövsümov bildirib ki, başqalarını yoluxduran şəxslər cinayət məsuliyyəti daşıyırlar. Artıq bununla bağlı bir neçə hal da müəyyən edilib. Evdə müalicə olunan şəxs vəziyyəti ağırlaşsa, 103-ə zəng etməlidir.

Tibbi maska ilə bağlı problem yoxdur

Şahmar Mövsümov bildirib ki, hazırda tibbi maska ilə bağlı problem yoxdur. “Həkim nəzarəti olmadan müalicə aparmaq lazım deyil. Bu, həkimlərə də xüsusi problem yaradır. Müalicə həkim nəzarəti altında olmalıdır. İnsanlar “Arbidol” kimi dərmanları alıb, özlərini özbaşına müalicə etməməlidirlər”,-o bildirib.

Ramin Bayramlı isə deyib ki, bir sıra dərmanların xəstəxanada müalicədə tətbiqi zamanı da müəyyən problemlər ortaya çıxır: “Arbidol” və digər dərmanlar xəstəxanalarımızda yetərincədir, bu həftə də sifarişə uyğun yenidən ölkəyə gətiriləcək. Evdə müalicə zamanı xəstələrə hansı dərmanların veriləcəyi də bu həftə açıqlanacaq.

Ramin Bayramlı isə deyib ki, tibb qurumları evdə müalicə alanların sağlamlıq vəziyyətinə nəzarət edir. Gündə ən azı o xəstələrə iki dəfə zəng olunur, vəziyyətiləri ilə bağlı suallar verilir, ehtiyac olduqda xəstəxanalara yerləşdirilir. Evdə qalmaq o insanların sosial məsuliyyətinə bağlıdır. Bu sahədəki problemlərlə əlaqədar güc strukturları da cəlb olunub.

Yoluxma halarında Bakı liderdir

Ramin Bayramlı isə məlumat verib ki, holuxma hallarının 51,3 faizi Bakının payına düşür.

Binəqədi 12.8 faizlə ilk yerdədir. Son günlər Nəsimi rayonunda da yoluxma sayında artım müşahidə edilir: “Karantinin ilk həftəsindən etibarən sağalananların sayının artmasında müsbət dinamika müşahidə olunub. Sağalanların sayı yeni yoluxanların sayından artıq olmalıdır ki, xəstəxanaların yükü də azala bilsin”.

Bayramlı məlumat verib ki, hazırda koronavirusla bağlı ölkədə ölüm faktı iki faizdən azdır. Bu, digər ölkələrlə müqayisədə qənaətbəxş göstəricilərdir. Digər ölkələrdə ölüm faizi 12-14 faizə yaxındır. Bu fərqə Azərbaycanda qabaqlayıcı tədbirlərin vaxtında görülməsi səbəb olub.

Bölgələrdə vəziyyət...

Abşeron 16,3 faiz, Gəncə-Qazax 8,4 faiz, Aran 7,5 faiz, Lənkəran 5,8 faiz, Quba-Xaçmaz 1,6 faiz, Şəki-Zaqatala 1,4 faiz, Yuxarı Qarabağ 1,1 faiz, Dağlıq Şirvan 1,2faiz təşkil edir. Yoluxmanın 1,3 faizi xaricdən gələnlərdə aşkarlanıb.

1 yasda 84 nəfər virusa yoluxub

Bunu da Bayramlı deyib. Onun sözlərinə görə, ölkədə qadınlar arasında yoluxma göstəricisi 54 faiz təşkil edir. Bu da yas yerlərində kütləvi toplaşma halı ilə əlaqədardır. Elə yas yeri var ki, orada 84 nəfər yoluxub.

Bayramlı əlavə edib ki, ümumi testlərin içərisində müsbət göstəricilərin sayı 11 faizdir. Bu da onu deməyə əsas verir ki, ya karantin qaydaları daha da sərtləşməli, ya da adi həyat tərzinə çevirməklə yaşamalıyıq.

TƏBİB sədri son həftələr ərzində gənc yaşlarda ölüm hallarının qeydə alınmasından da danışıb. Bildirib ki, hətta yanaşı xəstəliyi olmayanlarda da letal sonluq baş verir. Bu da o deməkdir ki, COVID-19-un yeni klinik əlamətləri meydana çıxır.

Payız aylarına ciddi hazır olmalıyıq

Ramin Bayramlı deyib ki, ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır.

Bayramlı əlavə edib ki, nə qədər ciddi karantin rejimi olsa və xəstəxana sayı artsa da, vətəndaş məsuliyyəti olmadan virusun qarşısını almaq mümkün deyil. Ona görə də hamılıqla birlikdə vaksin tapılana qədər qoyulan qaydalara ciddi əməl etməliyik.

 

Bu rayonlarda vəziyyət qənaətbəxşdir

Bayramlı məlumat verib ki, Oğuz, Xızı, Ucar, Daşkəsən, Yardımlı və Zərdab rayonlarda koronavirusla bağlı vəziyyət qənaətbəxşdir. Amma bu göstəricilər arxayınlıq yaratmamalıdır. Sarı zonaya daxil olan Salyan, Astara, Ağcabədi, Neftçala, İsmayıllı və Biləsuvar rayonları riskli rayonlar hesab olunur. Yoluxma halları 30-70 arasında dəyişir. Yoluxmanın sürətlə artdığı narıncı zonaya daxil olan Abşeron, Sumqayıt, Bakının Nəsimi rayonu, Cəlilabad, Şəki, Yevlaxda son günlər yoluxmada artım davam edir. Buna görə karantin rejimini davam etməlidir.

Həkimlər arasında yoluxma nə qədərdir

R.Bayramlı həkimlər arasında virusa yoluxma ilə bağlı sualı cavablandırıb. Bildirib ki, xüsusi rejimli xəstəxanalarda cüzu yoluxma faktı qeydəalınıb. Məsələn, Mərkəzi Neftçilər Xəstəxanasında 7 yoluxma halı var idisə, onun da 4-ü evdə yoluxub.

Bayramlı əlavə edib ki, bütün tibb personalı içərisində yoluxma göstəricisi 8 faiz təşkil edir. Bunun da böyük hissəsi evlərdən daşınan infeksiyalardır.

Ağciyərində "buz kristalı" çıxan 600-dən çox xəstə müalicə alır

Bayramlı bildirib ki, rentgendə ağciyərində “buz kristalı” çıxan 600-dən çox müalicə alan xəstə var. Onları da koronavirus xəstəsi kimi müalicə edilirlər.

R.Bayramlı əlavə edib ki, serioloji testlərin edilməsinə başlanılıb. Yeganə doğru üsul PCR üsuludur. Bunun da cavabı 4-8 saat və ya 24 saata kimi çəkə bilər.

Naxçıvanda vəziyyət necədir?

Ramin Bayramlı məlumat verib ki, Naxçıvanda bu günə qədər şübhəli xəstələrə görə 9 290 test aparılıb. Ümumilikdə 142 yoluxma faktı aşkar edililib, onlardan 126-sı artıq sağalıb.Nəticəsi pozitiv çıxan 11 nəfər vəfat edib. Hazırda 5 aktiv xəstənin müalicəsi davam edir.

İcazə üçün yenidən müraciət edilməlidir

Ülvi Mehdiyev isə məlumat verib ki, iyulun 5-dən təşkilatlar işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır. Onun sözlərinə görə, aparılan təhlillər onu göstərir ki, bəzi təşkilatlar icazə portalından sui-istifadə edirlər. Buna görə də bəzi icazələr silinib və təşkilatlara bununla bağlı məlumatlar göndərilib.

Bəzi vətəndaşlar isə icazə portalından qeydiyyatdan keçdikdə bütün ölkə ərazisi üzrə icazəsi olur. Amma sabahdan təşkilatlar bununla bağlı fəaliyyətinə icazı aldığı əməkdaşı üçün həm də ezamiyyə məlumatlarını da sistemə daxil etməlidir.

“Əgər sistemdə ezamiyyə icazəsi də olarsa, o zaman həmin şəxs yaşadığı şəhəri tərk edə biləcək. Əks halda, qarşısı alınacaq.

Evdə müalicə alanlara dərman veriləcək

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə bildirib ki, evdə müalicə alan COVID-19 xəstələrinə dərmanların paylanılmasına başlanılıb.

Qızdırması olanlar poliklinikalara zəng etsinlər

Yalnız koronavirus deyil, digər xəstəliklər də qızdırma,öskürək verə bilər. Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib ki, qızdırması olan insanlar ilk növbədə poliklinikaya, sahə həkiminə zəng etsinlər.

Həkim bir neçə sual verməklə onda koronavirus şübhəsi olub-olmadığını müəyyənləşdirəcək.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər