292
Bu gün 29 may — 14:20

MİDA güzəştli mənzillərin satışına başlayır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin satışına başlayacaq.

MİDA-dan virtualaz.org-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışı 30 iyun 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 iyul 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 249 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bina Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 28.02.2018-ci il tarixli 24956 nömrəli müsbət rəyi mövcuddur.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

1 otaqlı mənzillərin qiyməti – 32 130 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Xəbərlər