142
Bu gün 23 may — 18:00

Şəmkirdə heroin satan şəxslər saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Möhsün Hacıkişiyev və əvvəllər məhkum olunmuş Zakir Əmiraslanov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Onların üzərinə baxış keçirilən zaman M.Hacıkişiyevin üzərindən iki ədəd kağız bükümdə çəkisi 1.164 qram, Z.Əmiraslanovun üzərindən isə bir ədəd sellofan bükümdə çəkisi 0.478 qram narkotik vasitə olan heroin aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri, əvvəllər dəfələrlə məhkum olunmuş Ramiz Əliyevin olduğu müəyyən edilib. RPŞ-də onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman bir ədəd kağız bükümdə təmiz çəkisi 4.809 qram heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı R.Əliyev narkotik vasitələri satmaq məqsədi ilə İlham adlı İmişli rayon sakinindən aldığını bildirib. Şəmkir və İmişli rayon polis şöbələrinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İlham Qəhrəmanov saxlanılaraq İmişli Rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman çəkisi 17 qram narkotik vasitə olan heroin aşkar olunub.

Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Xəbərlər