442
Bu gün 9 aprel — 20:53

Koronavirus: reanimasiya nədir və hansı xəstələrin ona ehtiyacı var?

Britaniyanın Baş naziri Boris Johnson hazırda Londonda St Thomas xəstəxanasında intensiv terapiya və ya reanimasiya şöbəsində (ICU) müalicə olunur.

Downing Street deyir ki, bu, onun həkimlərinin tövsiyəsi ilə daha mürəkkəb müalicəyə ehtiyac yaranarsa, profilaktik məqsədlə edilib.

Intensiv terapiya - reanimasiya nədir?

İntensiv terapiya şöbələri xəstəxananın digər şöbələrində qayğı göstərilməsi çətin olan ağır xəstələrin müalicəsi və hərtərəfli müşahidəsini təmin etmək üçün yaradılmış ixtisaslaşdırılmış şöbələrdir.

Zəruri hallarda xəstəyə fərdi qaydada yardım göstərmək üçün həmin şöbələrdə xəstələrin sayı daha az, həkimlərin sayı isə daha çox olur.

Və bu şöbələr mürəkkəb müşahidə avadanlığı ilə təchiz olunub.

Yeni açılmış Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) Nightingale Xəstəxanasında intensiv terapiya üçün 500 çarpayı var.

İntensiv terapiya kimə lazımdır?

Bir insanın bu cür tibbi qayğı növünə ehtiyacı ola biləcəyinin bir çox müxtəlif səbəbləri ola bilər.

Bəzi xəstələrə bu, mürəkkəb əməliyyatdan sonra bərpa olunmaq üçün lazımdır. Digərlərinin buna ehtiyacı misal üçün, yol-nəqliyyat qəzası nəticəsində aldıqları ağır travmalardan sonra yaranır.

Baş nazir ondakı koronavirus infeksiyasının simptomları yaxşılaşmadığından, profilaktik tədbir kimi bu şöbəyə köçürülüb.

Bazar günü o, hərarət də daxil, davamlı simptomlara görə St Thomas xəstəxanasına yerləşdirilib.

Koronavirus ağciyərləri hədəfləyə bilər və görünür, Baş nazir hələlik süni nəfəs aparatına qoşdurulmasa da, nəfəs almaqda çətinlikləri var.

Hansı müalicə verilir?

İntensiv terapiya şöbəsində koronaviruslu xəstələrin heç də hamısı süni nəfəs aparatına qoşdurulmur.

Bəziləri nəfəsalma prosesinə kömək edən CPAP adlı (tənəffüs yollarının davamlı müsbət təzyiqi) maşına qoşdurula bilərlər, bu zaman maska daxilinə vurulan oksigeni tənəffüs yollarına yönəltmək üçün yumşaq təzyiq yaradılır. Süni nəfəs aparatına ehtiyacı olanlardan fərqli olaraq, bu zaman xəstələr ayıq ola bilərlər və onların yuxuverici dərman qəbul etmələrinə ehtiyac olmur.

İntensiv terapiya şöbəsində olan xəstənin orqanizminin xəstəliyə necə müqavimət göstərdiyini izləmək üçün onlar borular, tellər və kabellər vasitəsilə çox sayda müxtəlif aparatlara qoşulur.

Onlara qidalanma da daxil olmaqla, venadaxili vurulan dərmanlar verilir və digər dəstəkləyici prosedurlar keçirilir.

St Thomas xəstəxanasının intensiv terapiya şöbəsində koronaviruslu xəstələrin müalicəsi təcrübəsi var. Son dərəcə ağır hallarda, ürək və ağciyərlərin bəzi funksiyalarını əvəz edən ECMO (ekstrakorporal membran oksigenləşməsi) adlı həyat təminatı aparatından istifadə oluna bilər. Britaniyada yalnız bir neçə belə aparat var.

Intensiv müalicədən sonra bərpa

Xəstənin vəziyyəti kifayət qədər yaxşılaşdıqdan sonra o, intensiv terapiya şöbəsindən xəstəxananın başqa bir palatasına köçürüləcək.

Bu, təcili ehtiyacı olan digər xəstə üçün intensiv terapiya şöbəsində yataq yeri boşaltmış olur.

Bəzi xəstələr intensiv terapiya şöbəsini bir neçə gündən sonra tərk edə bildiyi halda, digərləri orada həftələrlə və ya aylarla qalmalı ola bilər.

Xəbərlər