1409
Bu gün 27 fevral — 20:58

"Baron Şəmi"ni və oğlunu Yardımlıda nəyə görə güllələdilər?

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin öldürülməsi ilə bağlı məlumat yayıblar.

Virtualaz.org-a daxil olan məlumatda deyilir:

"Fevralın 27-də saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçirmişlər.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildirmişlər. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçmışdır.

Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Nurəddin Kərimov saxlanılmış, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

***16:57

Kənd sakinlərinin virtualaz.org-a verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında - təxminən 13:00 radələrində Yardımlı rayonunun Eçara kəndində baş verib. Qətlə yetirilən Şəmsəddin Kərimovun həmin kənddə 150 hektar torpaq sahəsi olub. Münaqişə də elə həmin torpaq sahəsinə görə yaranıb.

Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb. 67 yaşlı Ş.Kərimov rayonda “Baron Şəmi” kimi tanınıb: “Onlar əslən Masallı rayonundan olublar. Şəmsəddinin ruhi xəstə olduğu deyilirdi. Əvvəllər narkotik satışına görə məhbəsdə yatmışdı. Oğlunun 32 yaşı vardı, həbsxanadan təzə çıxmışdı. O, da narkotik vasitələrin satışına görə həbs olunmuşdu”.

Qeyd edək ki, sözügedən torpaq sahəsi bələdiyyənin icarəsində olub. Qardaşlar həmin sahədə birgə taxıl əkiblər. Sonradan Kərimov qardaşaları arasında narazılıq yaranıb.

İnarə Rafiqqızı

Virtualaz.org

***15:00

Masallı rayon sakini aralarında yaranan mübahisə zəminində əmisini və onun oğlunu güllələyərək qətlə yetirib.

Rayonun Eçara kəndində babalarından qalan torpaq sahələrinin bölünməsi üstündə iki əmioğlu arasında mübahisə yaranıb. Bu zaman Masallı rayonunda yaşayan, hələlik kimliyi məlum olmayan şəxs əmisi - Şəmsəddin Fərhad oğlu Kərimovu və onun oğlu, Niyaməddin Kərimovu ov tüfəngindən açdığı atəşlə vuraraq qətlə yetirib.

Hadisəni törədən şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

*   *   *14:42

Yardımlı rayonunda odlu silahdan açılan atəş nəticəsində iki nəfər ölüb.

Hadisə rayonun Eçara kəndində qeydə alınıb. Belə ki, həmin kəndin ərazisində odlu silahdan açılan atəş nəticəsində hələlik şəxsiyyəti məlum olmayan iki nəfər ölüb. Onların ata və oğul olduğu bildirilir.

Hadisənin torpaq mülkiyyətinin bölünməsi üstündə yaranan münaqişə zəmində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)

Xəbərlər