670
Bu gün 23 fevral — 20:36

MSK Fəzail Ağamalının lideri olduğu dairədə də 11 məntəqənin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətə də baxılıb.

Virtualaz.org-un məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia ediblər.

MSK üzvü Baxşeyiş Əsgərov deyib ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov bildirib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. O, bu məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Ana Vətən partiyasının sədri Fəzail Ağamalıdır.

İclasda 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınmış Elşən Abıyev, Elşad Təhməzov və digər 6 namizədin müraciəti ilə bağlı isə MSK üzvü Tofiq Həsəov məlumat verib.

T. Həsənov bildirib ki, namizədlər səsvermənin seçicilərin iradəsini əks etdirmədiyini əsas gətirərək, dairə üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş ediblər: “Araşdırma bir neçə istiqamətdə aparılıb. Araşdırma nəticəsində sosial şəbəkələrdə yayılan və namizədlərin təqdim etdiyi videogörüntülər nəzərdən keçirilərkən 10 saylı seçki məntəqəsində qanun pozuntularının olması aşkarlanıb. Məntəqə seçki komissiyaları tərəfindən araşdırmaya 3 ədəd protokol təqdim olunub. Bu potokollardan 29 saylı seçki məntəqəsində də səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, bu iki seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 2 seçki məntəqəsində (10, 29 saylı seçki məntəqələri) səsvermənin nəticələri etibarsız sayılıb.

Xəbərlər