407
Bu gün 23 fevral — 19:55

Bernie Sanders ABŞ prezidentliyinə namizədlik yarışında mövgeyini möhkəmləndirir

Senator Bernie Sanders ABŞ-da bu il keçiriləcək prezident seçkilərinə Demokrat partiyasından namizədliklərini irəli sürmək istəyən iddiaçıların Nevada ştatında keçirilən yarışında qələbəsini təmin etməklə noyabr prezident seçkiləri üçün Demokrat partiyasından aparıcı namizəd olduğunu təsdiqləyib.

Namizədlər Nevadada keçirilən yarışının ilkin nəticələri göstərir ki, Sanders böyük üstünlüklə rəqiblərini geridə qoyub.

Bununla belə, noyabrda keçiriləcək prezident seçkilərində Demokrat partiyasından olan namizədlərdən kimin partiyanı təmsil edəcəyi sualına cavabın aydınlaşması üçün hələ uzun bir yol keçilməlidir.

Nevadada səsvermə bülletenlərinin 50 faizi sayıldıqdan sonra birinci yeri tutan senator Sanders 47% səs toplayıb.

Onun ardınca gələn keçmiş vitse-prezident Joe Biden isə 28% səs qazanıb.

Bundan əvvəl Ayova və Nyu-Hempşir ştatlarında da keçirilmiş ilkin partiyadaxili seçkilərdə Bernie Sanders yaxşı nəticə göstərib: Ayovada birncilik qazanmış Pete Buttigieg-dən cəmi bir səs geridə qalıb, Nyu-Hempşir ştatında isə Sanders artıq 26% səs toplayaraq birinci olub.

Nevadada qələbə qazandığı aydın olandan sonra etdiyi çıxışında Sanders komandasını tərifləyib və prezident Donald Trump-ı tənqid edib.

"Amerikalılar hər zaman yalan danışan prezidentdən beziblər", - Sanders deyib.

Keçmiş vitse-prezident Joe Biden də Nevadada keçirdiyi seçkiqabağı kampaniyasını müsabət qiymətləndirib.

"Dönüş buradan (Nevadadan) başlayır, - o deyib. - Mətbuat insanları ölü elan etməyə tələsir, amma biz hələ diriyik, qayıdırıq və qələbə qazanmaq niyyətindəyik".

ABŞ prezidenti Donald Trump da Sanders-in qələbəsini qeyd edib, lakin növbəti dəfə onu "Dəli Bernie" adlandırıb.

"Deyəsən, Dəli Bernie Nevadada yaxşı çıxışış edib. ... Təbrik edirəm Bernie və qələbənin əlindən alınmasına imkan vermə!" - Donald Trump özünün Twitter səhifəsində yazıb.

Sanders ABŞ-da sosialist baxışları olan bir siyasətçi kimi tanınır.

Rəqibləri ona tez-tez xatırladırlar ki, gənc yaşlarında gələcək senator ABŞ-da Sosialist Partiyasının gənclər təşkilatına qoşulmuşdu və 1980-ci illərin sonlarında isə bir ay müddətinə Sovet İttifaqına səyahətə yollanmışdı.

Xəbərlər