919
Bu gün 19 fevral — 17:57

MSK müşahidəçinin şikayətini təmin etmədi

MSK-nın iclasında öz təşəbbüsü ilə respublika ərazisində müşahidəçilik aparmaq üçün qeydiyyatdan keçmiş Cavadzadə Tural Yusif oğlunun şikayətinə baxılıb.

MSK üzvü Ramiz İbrahimov Tural Cavadzadə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə 9 saylı məntəqənin yekun protokolunu mübahisələndirib və müvafiq tədbirlər görülməsini xahiş edib:

“Tural Cavadzadə 21 saylı Nəsimi birinci seşki dairəsi üzrə 9 saylı məntəqdə seçki qanunvericiliyinin pozulması hallarını müşahidə etdiyini bildirib. O, aktlar tərtib edib. Aktların surətini bizə təqdim edib. Təqdim olunan aktlar və digər sənədlər şikayətin təmin edilməsi üçün əsaslar yaratmadığından şikayət təmin edilməməlidir”.

MSK şikayətin təmin edilməməsi barədə qərar qəbul edib.

*   *   *17:26

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 90 saylı Ağdaş seçki dairəsindən namizəd Səidə Cəbrayılovanın müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK üzvü bildirib ki, namizəd müraciətində qeyd edib ki, DSK tərəfindən onun hüquqları pozulub:

“Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma nəticəsində 6 və 7 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 2 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 2 seçki məntəqəsi (6 və 7 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 2 məntəqənin nəticələrinin ləğv edilməsi bu dairə üzrə lider namizədin dəyişməsinə səbəb olmayıb.

Bu dairənin lider namizədi Cavid Osmanovdur.

*   *   *17:19

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 47 saylı Mingəçevir seçki dairəsindən namizədlər Qurbanəli Yusibov və İbrahim Salamovun müraciətə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

MSK üzvü bildirib ki, namizədlər müraciətində qanun pozuntusunun bir çox seçki məntəqəsində olduğunu qeyd edib:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində 9, 17 və 21 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Bununla əlaqədar 3 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 3 seçki məntəqəsi (9, 17 və 21 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 3 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb.

Bu dairə üzrə lider namizəd Aydın Mirzəzadədir.

*   *   *16:33

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O qeyd edib ki, həmin dairədən deputatlığa namizəd Samirə Rəfullayeva müraciətində məntəqələrdə pozuntuların olduğunu bildirib.

S.Rəfullayeva dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb edib.

MSK-nın iclasında qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 12, 14, 16 və 18-ci məntəqələrində nəticələr etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.

*   *   *16:22

Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz Kənd və 62 saylı Saatlı Seçki dairələri üzrə daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulan vaxtlarda təqdim edilməyib.

92 saylı Ucar-Zərdab Seçki Dairəsi üzrə də daxil olan müraciət vaxtında təqdim olunmayıb.

Buna görə də şikayətlərin geri qaytarılması qərara alınıb.

*   *   *16:05

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Virtualaz.org xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

*   *   *13:20

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.

Virtualaz.org bildirir ki, saat 16:00-da başlayacaq iclasda 2020-ci il fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar daha bir neçə müraciətə və şikayətə baxılacaq.

Xəbərlər