335
Bu gün 14 fevral — 21:23

Baş prokuror: 497 vəzifəli şəxs barəsində 310 cinayət işi məhkəmələrə göndərilib

Rüşvət, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanaraq, baxılması üçün məhkəmələrə göndərilib.

Bu sözləri Baş prokuror Zakir Qaralov bu gün Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Z.Qaralov bildirib ki, korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilər qeydə alınıb:

“Rüşvət, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanaraq, baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlər üzrə 83.8 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödətdirilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə, 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödətdirilməsi təmin edilib.

Hesabat ilində Baş İdarə tərəfindən qida təhlükəsizliyi, tikinti və şəhərsalma tələblərinin pozulması, vətəndaşlara qarşı dələduzluq etmiş mənzil-tikinti kooperativlərinin rəhbərləri barədə, həmçinin bank sektorunda yol verilmiş qanunsuzluqlarla əlaqədar bir sıra aktual cinayət işləri üzrə intensiv istintaq tədbirləri davam etdirilib.

Eyni zamanda ölkə Prezidenti tərəfindən hər zaman diqqət mərkəzində saxlanılan və 3 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bir daha iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmaqla azad sahibkarlıq mühitində rəqabətliliyə neqativ təsir edən kölgə iqtisadiyyatı, o cümlədən də qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsi barədə göstərişlər verilib.

Bütün bunlar nəzərə alınaraq, Baş Prokuror tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə İqtisadiyyat Nazirliyi və müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə beynəlxalq təcrübə öyrənilməklə təkliflərin hazırlanması və qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb”.

Baş Prokuror çıxışında onu da qeyd edib ki, hesabat dövründə ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatlarının nəticələrinin “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi illik hesabatlarda öz əksini tapmaqla təşkilatın 2019-cu ilin nəticələri üzrə dərc etdiyi Korrupsiya Qavrama İndeksində Azərbaycanın 2018-ci illə müqayisədə 26 pillə irəliləməsi xüsusi vurğulanıb:

“Xüsusilə vurğulamaq lazımdır ki, müasir dünya təcrübəsinin ölkəmizdə geniş tətbiqi nəticəsində idarəçilik sistemində, o cümlədən vergi və gömrük sahələrində aparılan islahatlar dövlət büdcəsinə daxilolmaları böyük həcmdə artırıb. Həmçinin dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi yönündə formalaşdırılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyası daha da genişləndirilib. Belə ki, mərkəzlərin sayının 17-yə çatdırılması, yarandığı gündən keçən qısa müddət ərzində 35 milyondan çox müraciətin daxil olması, habelə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verir. Onu da qeyd edim ki, nadir layihə kimi “DOST” mərkəzlərinin fəaliyyətə başlaması ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlərin bariz nümunəsidir”.

Xəbərlər