4301
Bu gün 7 fevral — 15:26

“Azərişıq” Bakıya yaxınlaşan təhlükəyə görə fövqəladə iclas keçirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə təzadlı dəyişəcəyi, 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə başlayıb.

Bu haqda “Azərişıq” ASC-nin  mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev virtualaz.org-a bildirib. T.Mustafayevin sözlərinə görə, “Azərişıq” rəhbərliyi gözlənilən ekstremal hava şəraiti ilə bağlı bu gün təcili iclas keçirib:

“Gözlənilən ekstremal hava şəraitinə görə  “Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda həmçinin güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”,-o bildirib.

T.Mustafayev əlavə edib ki, “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən regionlarda da növbətçilik yaradılıb: “Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayı artırılmasına qərar verilib. İstehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Xatırladaq ki, bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyevanın Bakıya yaxınlaşmaqda olan qasırğa barədə xəbərdarlıq edib. Onun  sözlərinə görə,  bir müddət davam edən anomal isti hava şəraitindən sonra  fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında əsən cənub küləyinin güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir. Fevralın 9-dan 10-u gündüzədək küləyin maksimal sürəti 30-35 m/s,  bəzi ərazilərdə 38-40 m/s-dək şiddətlənəcək.

“Bu müddətdə əhaliyə daha diqqətli olmağı, iri ağacların altında maşınları saxlamamağı, tikinti aparılan ərazilərdən kənar keçməyi, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamağı tövsiyə edirik”,-o bildirib.

Bakıda və Abşeronda: fevralın 8-də gözlənilən yağıntının fevralın 9-da sulu qara və qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 15 -18 dərəcə aşağı enəcək. 9-da gündüz 0-3 dərəcə isti, axşama doğru və 10-na keçən gecə və səhər 0-4 dərəcə şaxta olacağı gözlənilir.   Buna görə də 9-dan 10-na, və 10-dan 11-nə keçən gecə və səhər saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə fevralın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq 11-dək  havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyinin güclənəcəyi, arabir  şiddətlənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı gözlənilir.

 

Xəbərlər