363
Bu gün 28 yanvar — 15:30

İranda köçəri quşlar müəmmalı şəkildə tələf olur

İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşların tələf olması ilə əlaqədar Azərbaycanda Xəzəryani ərazilərə baxış keçirilib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, baxış zamanı Azərbaycanda belə halın olmadığı qənaətinə gəlinib: “Amma bununla belə, monitorinq qrupu yaradılıb. Tapşırılıb ki, çox ciddi araşdırma aparılsın, belə faktlar olarsa, quş cəsədləri götürülsün və Qida Təhlükəsizliyi Agentliyinə baytarlıq nəzarəti analizinin aparılması üçün təqdim edilsin. Bununla da onların hansı səbəbdən tələf olduğu müəyyən edilsin”.

H.Əlizadə qeyd edib ki, qış aylarında quşların, heyvanların tələf olması istisna deyil: "Çünki hava soyuq olur və bədən temperaturu aşağı düşür və yem tapmaq çətinləşir. Amma eyni zamanda onların kütləvi məhv olması arzuolunan deyil və hazırda da belə fakt yoxdur”.

Qeyd edək ki, İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşlar qeyri-adi şəkildə tələf olur. Ötən 4 gün ərzində Miyankala yarımadası ətrafında 4,1 min köçəri quş toplanaraq basdırılıb. Bu gün isə bu say 5,95 min ədədə çatıb. Tələf olan quşlar əsasən qaşqaldaq, ördək və flaminqodur.

Xəbərlər