383
Bu gün 19 dekabr — 20:56

İlham Əliyev cəmi 4 ildə pambıqçılığın necə dirçəldiyinə dair rəqəmləri açıqladı

Bu gün prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər barədə müşavirə keçirib. Müşavirənin stenoqramı artıq rəsmi KİV-lərdə yayılıb.

İlham Əliyev çıxışında pambıqçılığın son dörd ildə necə dirçəldiyini rəqəmlərlə nümayiş etdirib.

Sitat:

-Beləliklə, dörd il ərzində görülmüş kompleks tədbirlər nəticəsində biz pambıqçılığı dirçəltdik. Bəzi rəqəmləri gətirməklə mən bu sözləri təsdiqləyəcəm. Beləliklə, 2015-ci ildə, - o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, - 18 min hektardan 35 min ton pambıq tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi.

Yəni, 2016-cı il bizim pambıqçılıqla ciddi məşğul olduğumuz birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerdən bir qədər çox idi. 2017-ci ildə biz pambıq əkini sahələrini kəskin artırdıq. Onu da bildirməliyəm ki, sonra biz bəzi torpaqların düzgün seçilmədiyini gördük və o torpaq sahələrini azaltdıq.

Ancaq əlbəttə ki, biz hər şeyi bəri başdan görə bilməzdik. Ona görə biz 2017-ci ildə 136 min hektarda pambıq əkdik və 207 min ton məhsul götürdük. Hektardan məhsuldarlıq isə 15,2 sentnerə düşdü, çünki bəzi torpaqlar pambıqçılıq üçün yararsız idi. 2018-ci ildə artıq əkin sahələri azalmağa başlamışdır və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürdük, 233 min ton. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir.

Məndə 1980-ci illərin statistik məlumatları da var. Deyə bilərəm ki, ancaq tarixdə cəmi üç il Azərbaycanda hektardan məhsuldarlıq 30 sentnerdən çox olmuşdur. Bu, 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə 35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil etmişdir. Bütün tarix boyu cəmi üç il ərzində hektardan məhsuldarlıq 30 sentnerə yaxın olmuşdur və bu il biz bunu artıq görürük. Əminəm ki, bundan sonra görüləcək tədbirlər nəticəsində məhsuldarlıq daha da artacaq. İndi bu barədə burada məlumat veriləcək. Çünki indi pilot layihələr var. Pilot layihələrdə pambıq müasir texnologiya əsasında əkilir və orada məhsuldarlıq daha çoxdur. Əgər biz indi pilot layihələri ölkə üzrə geniş yaysaq, əlbəttə ki, 100 min hektardan daha çox məhsul götürəcəyik.

Xəbərlər