240
Bu gün 8 dekabr — 14:21

SSRİ-nin dağılmasından 28 il keçir

Bu gün SSRİ-nin dağılmasından 28 il keçir.

Virtualaz.org xatırladır ki, SSRİ 1922-ci il dekabr ayının 30-da yaranmışdı. Rusiya İmperiyasının varisi hesab olunurdu. SSRİ-nin rəsmi ideologiyası marksizm-leninizm - radikal sosialist ideologiyası idi.

Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşüb - 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olub (1989, 1 yanvar - 293 mln).

SSRİ-nin ərazisinin əsas hissəsini RSFSR təşkil edib. SSRİ yaradılarkən onun əsasında 4 dövlət qurumu olub - Rusiya SFSR, Belarusiya SSR, Ukrayna SSR və tərkibində 3 (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR) dövləti birləşdirmiş Zaqafqaziya SFSR. 1936-cı ilədək SSRİ-nin tərkibində əlavə Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdi. Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalandı. Beləliklə, SSRİ formal 11 dövlətdən ibarət ittifaqa çevrildi.

II Dünya Müharibəsindən qalib çıxmış SSRİ tərkibinə Litva SSR-i, Moldaviya SSR-i, Estoniya SSR-i və Latviya SSR-i də qatdı. SSRİ öz sərhədlərini Avropaya tərəf genişləndirdi. Həmçinin Almaniyanın bir hissəsi də ( keçmiş Kenisberq əyaləti ) ona nəsib oldu.

... 1983-cü ildə Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqan Strateji Müdafiə Təşəbbüsü adlı kosmosda raketdən müdafiə planını həyata keçirməyə başladı. SSRİ həmçinin öz hərbi və kosmik xərclərini artırdı. İqtisadi inkişafı sürətləndirmək üçün SSRİ prezidenti Mixail Qorbaçov "Yenidənqurma", " Sürətləndirmə", "Aşkarlıq" kimi şüarlar irəli sürdü.

Regionlarda etnik münaqişələr Sovetlərin vəziyyətini gərginləşdirdi. Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı "Böyük dağılmanın" başlanğıcı oldu. 1990-cı ilin martında Estoniya, Litva, may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında qərar qəbul etdilər. Gürcüstanda suverenlik haqqında dekret qəbul olundu.

İyun ayında RSFSR dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyununda Boris Yeltsin RSFSR-in prezidenti seçildi. 1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə Fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun "səhhəti ağır olduğu üçün" onun səlahiyyətləri Gennadi Yanayevə verildi. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. "Avqust qiyamı" puç oldu. Bu hadisədən sonra Kommunist partiyasının fəaliyyəti dayandırıldı.

1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş – Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı.

Həmin üç ölkənin rəhbərləri öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün Müstəqil Dövlətlər Birliyi (MDB) adlı qurum təşkil etdilər. MDB həm də SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.

Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.

Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.

Ukrayna isə 2014-cü ilin mart ayında Rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

Xəbərlər