268
Bu gün 3 dekabr — 22:00

Narkotiki keçirə bilmədi, qaçmağa cəhd etdi

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitə və güclü təsiredici maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

DGK-dan virtualaz.org- a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı Orxan Azayevin adına Amerika Birləşmiş Ştatlarından daxil olan poçt bağlamasına rentgen aparatıyla baxış zamanı monitorda şübhəli əşyaların təsviri görünüb.

İnvoysda "sənədlər, uşaq oyuncaqları, rəngli qələmlər, pazl" sözlərinin qeyd edildiyi həmin bağlamada 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələm, üzərində "puzzle" sözü yazılan 3 qutu, üzərlərində "FUEL 420" və "Marijuana Product" sözləri yazılan 8 ədəd paket aşkar olunub.

Lakin 3 pazl qutusundan içərisində maye olan 45 ədəd elektron siqaret müştüyü, 8 ədəd paketdən isə qırmızı rəngli maddələr çıxıb.

Sözügedən poçt bağlamasını Orxan Azayevə məxsus şəxsiyyət vəsiqəsilə qəbul etmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Etibar Babayev Orxan Azayevin ölkədə olmadığını bildirib.

Bağlamada olan şübhəli əşyalarla bağlı izahat vermək üçün Etibar Babayev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub. Lakin Etibar Babayev avtomobillə idarəyə gətirilərkən, o, yolda tıxac yarandığından asta sürətlə hərəkətdə olan avtomobilin qapısını bir anda açaraq qaçıb.

Bununla əlaqədar, adları çəkilən hər iki şəxsin müəyyənləşdirilərək saxlanılması üçün əməliyyat qrupu yaradılıb.

Əməliyyat qrupunun üzvlərinə daxil olan məlumat əsasında, Orxan Azayev Bakı-Moskva aviareysilə ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb. Onun çamadanında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, yazılı və ya elektron formada bəyan olunmayan 1 konvalyutda 2 ədəd qırmızı və 1 qutuda 16 ədəd ağ rəngli həblər, 1 ədəd içərisində maye olan elektron siqaret müştüyü və 1 ədəd elektron siqaret aparatı aşkar edilib.

Xəbərlər