114
Bu gün 22 noyabr — 13:18

Yağışlı hava enerji təchizatında ciddi problem yaratmayıb

Son bir neçə gün ərzində ölkə ərazisində qeyri sabit hava şəraiti müşahidə olunur. Virtualaz.org xəbər verir ki, ötən gün axşam saatlardan başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetrə, Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 8 sm-ə çatıb. Lənkəran, Astara rayonlarında, o cümlədən, Sumqayıtda yağıntıların miqdarı normadan yüksək olub.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilişində problem yaranmayıb, baş verən qəza halları operativ şəkildə aradan qaldırılıb: "Son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq ölkəmizin elektrik enrjisi təchizatında ciddi problem yaranmayıb", - "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, bəzi ərazilərdə yaranan kiçik problemlər tez bir zamanda aradan qaldırılıb: "Ötən gecə Qərb regionunun Tovuz rayonunun 35KV-luq Ağdam kənd hava elektrik veriliş xəttində texniki qəza baş verib və bu operativ surətdə aradan qaldırılıb".

T. Mustafayev həmçinin bildirib ki, ASC-nin texniki departamentinin əməkdaşları qabaqlayıcı tədbirlər görərək fərdi qaydada daxil olmuş şikayətləri operativ şəkildə aradan qaldırırlar: "Abşeron rayonu Məhəmmədi qəsəbəsinin elektrik enerjisi təsərrüfatı yenilənir. Bu məqsədlə "Zabrat" yarımstansiyasından adıçəkilən qəsəbəyə yeni iki dövriyyəli hava xətti çəkilir və bu ayın sonuna işlər yekunlaşacaq".

"Azərişıq" ASC həmçinin istehlakçılara müraciət edərək yaranan hər hansı çətinliklərlə bağlı qurumun 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlamalarını bildirib.

Qeyd edək ki, hazırda Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin noyabrın 23-ü gündüzədək davam edəcəyi proqnozlaşdırılır.

Virtualaz.org

Xəbərlər