693
Bu gün 22 noyabr — 10:48

Bakı-Astara yolunda benzindaşıyan maşın yandı: ölən və yaralanan var

Noyabrın 22-də saat 03:49-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub.

FHN-dən virtualaz.org-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 04:10 dəqiqədə DYMX-nın ilk yanğın avtomobili hadisə yerinə çatıb. DYMX-nın əməkdaşı hadisə yerindən, göstərilən ünvanda “KamAZ” markalı yanacaqdaşıyan avtomobilin açıq alovla yanması və avtomobildə 1 nəfərin qalması barədə məlumat verib.

Yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət, 6 texnika cəlb olunub.

Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlu tərəfindən idarə olunan "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyat nişanlı yanacaqla dolu avtoçən idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində avtoçənin yanar hissələri, çəndə olan 38 ton “Aİ-93” (benzin) markalı yanacaq yanıb.

Hadisə zamanı avtomobilin sürücüsü Kələntərov Yavər Rəşid oğlunun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan köməkçi sürücü, 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlu əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.

Yanğın saat 05:40 dəqiqədə məhdudlaşdırılıb. Yanğın saat 08:41 dəqiqədə tam söndürülüb.

Xəbərlər