422
Bu gün 17 noyabr — 21:08

Gürcüstan müxalifəti parlament binasının giriş-çıxış qapılarını bağladı

Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyasını davam etdirir.

Virtualaz.org gürcü KİV-nə bildirir ki, müxalifət nümayəndələri artıq parlamentin bütün giriş-çıxış qapılarını bağlayıb. Qapılara qıfıl vurulub. Eyni zamanda, parlamentin qapılarının qarşısında çadırlar qurulub.

Aksiya iştirakçıları bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq. Hələlik aksiya dinc şəkildə davam edir və qarşıdurma olmayıb.

Polis təhlükəsizliyi təmin edib.

*   *   *19:15

Gürcüstan birləşmiş müxalifəti noyabrın 17-də paytaxt Tbilisidə, parlamentin binası qarşısında etiraz aksiyası keçirib.

Beş minə yaxın insanın iştirak etdiyi aksiyada növbədən kənar parlament seçkilərinin keçirilməsi, ölkədə proporsoinal seçki sisteminə keçid, müvəqqəti hökumətin yaradılması tələb olunub.

Tbilisidə Puşkin parkından başlayan yürüşün iştirakçıları da parlamentin binası qarşısında aksiyaya qoşulublar.

Gürcüstan Müstəqil Ekspertlər Klubunun prezidenti Soso Tsiskarisvili AZƏRTAC-a müsahibəsində deyib: “Biz ölkəmizdə demokratiyanın təmin olunması, hamının bərabər şəkildə, eyni hüquqlar çərçivəsində, qonşularla təmiz dostluq şəraitində yaşamasını istəyirik. Lakin indiki hakimiyyətdə bunu istəməyən qüvvələr var. Məqsədimiz onları hakimiyyətdən uzaqlaşdırıb, yeni, daha demokratik, Avropa dəyərlərinə sadiq dövlət qurmaqdır. İnanırıq ki, buna nail olacağıq”.

Siyasətşünas Simon Kopadze də aksiyadan böyük dəyişikliklər gözlədiyini bildirib: “Bu ilin iyununda indiki iqtidar proporsoinal seçki sisteminə keçidlə bağlı xalqa vəd verdi. Lakin bu vədə əməl etməyən iqtidar əslində bu addımı ilə bütün müxalifəti birləşdirdi. İnanıram ki, bu birlik çox şeyə nail olacaq”.

***17:35

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında kütləvi etiraz aksiyası başlayıb.

Aksiyada "Güc birlikdədir" müxalif birliyi, "Lelo", "Girçi" və "Utanc" hərəkatının üzvləri iştirak edirlər.

Aksiyanın əsas tələbi proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumətin istefasıdır. Müxalifət həmçinin Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini də tələb edir. Aksiyaya müxalifət partiyalarının digər şəhər və bölgələrdəki yerli təşkilatlarının üzvləri və tərəfdarları da qatılıb.

Aksiya ilə bağlı parlament binasının yaxınlığına əlavə polis qüvvələri cəlb olunub. Gürcüstanın Daxili İşlər Nazirliyi aksiya zamanı ictimai təhlükəsizliyin təmin ediləcəyini bildirib. Qurumdan qeyd olunub ki, aksiya iştirakçılarının istənilən qanun pozuntusu, inzibati orqanlara hücum və ya mühasirəyə alınması cəhdlərinin qarşısı dərhal alınacaq. Yerli vaxlta saat 17:00-da müxalif Vətənpərvərlər Alyansı Partiyasının təşkilatçılığı ilə Tbilisidəki Birinci Respublika Meydanında digər etiraz aksiyası da keçiriləcək. Aksiyada hakim Gürcü Arzusu Partiyasının hakimiyyətdən getməsi tələb olunacaq. Partiya etiraz aksiyalarının davamlı olaraq keçiriləcəyini elan edib.

Qeyd edək ki, Gürcüstanda etirazlar noyabrın 14-dən etibarən başlayıb. Etirazlara səbəb ölkə parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanunun qəbul edilməməsidir.

Xəbərlər