234
Bu gün 8 noyabr — 14:38

Bakı Yol Polisi sürücü və piyadalara xəbərdarlıq etdi

Yeraltı və yerüstü keçidlər olan ərazilərlə yanaşı, piyadavurulma hadisələri həm də paytaxtın inzibati ərazisinə düşən, şəhərkənarı yerlərdə işıqlandırma olmayan ərazilərdə də qeydə alınır.

Virtualaz.org bildirir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədovun sözlərinə görə, baş verən qəzalar nəticəsində, təəssüf ki, insanlar ya həyatını itirir, ya da ömür boyu əlil olaraq həyatlarına davam edirlər: “İl ərzində bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması hadisələrinin sayı ümumi qəzaların 52 faizini təşkil edir. Bu, çox böyük rəqəmdir və həqiqətən də, dövlət yol polisi əməkdaşlarını, eləcə də, rəhbərliyi ciddi narahat edir.

Mütəmadi olaraq biz piyadalara müraciət edirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola diqqətlə baxmaq lazımdır. Yol keçəndə qulaqcıqlardan istifadə etmək həm piyada, həm də sürücülər üçün potensial təhlükə şəraiti yaradır.

Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur”.

V.Əsədov Yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin tələblərini də xatırladaraq, bildirib ki, əgər piyadalar qaydanı pozursa, onlar cərimə olunacaqlar: “Piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir”.

Şöbə rəisi onu da əlavə edib ki, piyadavurulma hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən, piyada kecidlərin yaxınlığında bu cür hallar daha çoxdur: “Ən çox piyadavurulmalar yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərdə isə bu cür hadisələr işıqlandırma olmayan ərazilərdə baş verir.

Sürücülər günün qaranlıq saatlarında daha diqqətli olmalı, yaşayış məntəqələri olan yerlərdə sürət həddini mksimum aşağı salmalıdırlar. Piyada vurulması zamanı sürücülər də məsuliyyət daşıyır.

Lakin qeyd etməliyəm ki, piyada vurulması ilə nəticələnən qəzaların böyük əksəriyyəti piyadaların yolu onlar üçün təyin olunmayan hissələrdən keçməsi nəticəsində baş verir.

Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibatı məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Xəbərlər