320
Bu gün 13 oktyabr — 23:45

Nikola Yurçeviç: "Hətta macarlar da etiraf edirlər ki, bizim təmiz qolu hesaba almadılar"

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç səfərdə Macarıstana 0:1 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçından sonra keçirilən mətbuat konfransında məğlub olmalarını şərh edib.

Virtualaz.org-un Budapeştə ezam olunmuş müxbiri Elmir Əliyev xəbər verir ki, bu barədə danışmağın asan olmadığnı söyləyən xorvatiyalı mütəxəssis uzatma dəqiqələrində sayılmayan qola görə etirazını və yerli jurnalistlərə səmimiyyətləri qarşılığında təşəkkürünü bildirib: "Oyunun gedişatı barədə çox deyiləsi bir şey yoxdur. Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Azərbaycan kiçik ölkədir, futbolda elə söz sahibi deyil. Belə əziyyətin ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var. Çox danışsam, işimi itirə bilərəm. Bunları deməli, içimdəki acığı çıxarmalı idim. Dostlarla, ailə ilə söhbət edəcəyik. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm".

Yurçeviç qoldan sonra yan xətt hakiminə yaxınlaşaraq, niyə qolun sayılmadığını soruşduğunu əlavə edib. Amma onun sözlərinə görə, yan xətt hakimi heç bir cavab verməyib: "Referi isə qərarında haqlı olduğunu və bunu görüşün ardında epizoda baxdıqda sübut olunacağını iddia etdi".

53 yaşlı baş məşqçi iki fərqli hissə oynamaları fikri ilə razılaşdığını söyləyib: "Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim. İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 1:0-dan sonra dönüş etmək mümkündür. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu".

Yurçeviç Bəhlul Mustafazadənin oyununu xüsusi qeyd edib: "O, cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. Mustafazadə Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Ancaq hər halda, onu nümayiş etdirdiyi oyun münasibətilə təbrik edirəm".

Xəbərlər