1258
Bu gün 10 oktyabr — 14:11

DİN Goranboydakı atla sürüdülən qadınla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupu Goranboy rayonunda baş vermiş hadisə ilə bağlı açıqlama verib.

Qurumdan virtualaz.org-un Qərb Mərkəzinə verilən məlumata görə, Əlirzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşuları olan Fürduz Dəmirova və onun ovladları (oğulu və qızı) tərəfindən döyülüb.

"Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürüdülmə məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır", - açıqlamada qeyd olunub.

*   *   *12:20

Səhiyyə Nazirliyi Goranboy rayonu Xanqərvənd kəndində qonşuları tərəfindən ata bağlanaraq sürüdülən qadının vəziyyəti ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Goranboy rayonu Xanqərvənd kənd sakini 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Faktla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Qeyd edək ki, Goranboy rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova ilə qonşuları ilə aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüb.

*   *   *12:13

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər.

Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb. (report)

Xəbərlər