332
Bu gün 9 oktyabr — 15:51

Arvadını qətlə yetirib, özünü öldürmək istəyən şəxs: “Ehtiyatsızlıqdan baş verib”

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirdikdən sonra özünü də öldürmək istəyən Laçından olan məcburi köçkün, 61 yaşlı Zahid Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, hadisə bu il iyunun 1-də paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini 55 yaşlı Təranə Novruzova əri Zahid Novruzov tərəfindən odlu silahla qətlə yetirilib. Əvvəllər məhkumluq həyatı yaşamış Z.Novruzov arvadını namus üstündə öldürdüyünü deyib. O, həyat yoldaşının baş nahiyyəsindən iki güllə vurduqdan sonra özünü də öldürmək istəyib. Lakin silah əlindən sürüşüb, boğaz nahiyəsindən xəsarət alıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Zahid Novruzov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, arvadını öldürmək niyyəti olmadığını, silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açdığını deyib. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım dindar, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".

Z.Novruzov intihara cəhd etməsini belə izah edib: "Təranəni qanlar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim". Məhkəmə prosesində mərhumun qızı da ifadə verib. O deyib ki, anası evlilik həyatında həmişə döyülüb, əziyyət çəkib. "Mən bu adama ata demək istəmirəm. Amma təəssüf ki, atamdır. Anama çox əziyyət verib”. Məhkəmə prosesi davam edir.

Virtualaz.org

Xəbərlər