259
Bu gün 11 sentyabr — 21:44

Azərbaycan gömrüyü innovasiya texnologiyaları tətbiq edir

Sentyabrın 11-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) və "Huawei Tech. Azerbaijan" MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Virtualaz.org DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən bildirir ki, imzalanma mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Komitənin müvafiq strukturlarının rəhbərləri, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və "Huawei" şirkətinin təmsilçiləri iştirak ediblər.

SənədiDövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov və "Huawei Tech. Azerbaijan" MMC-nin rəhbəri Lu Canlin imzalayıblar.

Niyyət protokolunun imzalanmasında məqsəd Dövlət Gömrük Komitəsi və "Huawei Tech. Azerbaijan" MMC arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Gömrük Xidməti gömrük hüquqpozmaları, eləcə də qaçaqmalçılıq hallarına qarşı tədbirlərin effektiv şəkildə aparılması üçün hər zaman ən müasir informasiya texnologiyalarının tətbiqinə çalışır.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev ümidvar olduğunu bildirib ki, "Huawei" şirkəti ilə imzalanan niyyət protokolu gələcəkdə İT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacaq.

Xatırladaq ki, 1987-ci ildə təsis edilmiş Huawei Technologies Co. Ltd dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biridir.

Xəbərlər