391
Bu gün 25 avqust — 23:54

Şərqi Azərbaycanın Qarabağ meşələri od tutub yandı

Şərqi Azərbaycanın Qaradağ meşələrində xəbər agentliklərinin bildirdiyinə görə, avqustun 19-da başlayan və günlərlə davam edən yanğında 300 hektar meşə sahəsi məhv olub.

Yerli siyasətçilər, media qurumları və Təbrizin cümə imamı yanğınsöndürmə işlərinin zamanında tətbiq edilmədiyini önə çəkərək dövlət qurumlarını tənqid edirlər.

İSNA agentliyinin bildirdiyinə görə, yanğın nəticəsində Qaradağ (Arasbaran) meşələrinin təqribən 300 hektarı külə dönüb.

Yanğının avqustun 19-da başladığı bildirilsə də, yerli media və dövlət qurumları avqustun 21-dən etibarən bu haqda xəbərlər yaymağa başlayıb. Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən media qurumlarının yazdığına görə, paytaxt Tehrandan Təbrizin yardım tələblərinə zamanında cavab verilsəydi, yanğın daha tez söndürülə bilərdi.

Təbii Ehtiyatlar İdarəsinin başqanı Davər Namdar dediklərinə görə, “yetərli avadanlığın təmin edildiyi təqdirdə yanğın ilk gündə söndürülərdı.”

Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi isə avqustun 23-də deyib ki, “yanğınsöndürən təyyarəyə ehtiyacımızı bildirsək də, keçən 72 saatda təmin olunmayıb.”

Mərənd və Culfa şəhərlərinin millət vəkili Məhəmməd Həsənnejad meşələrin “səhlənkarlıq odu” ilə yandığını ifadə edib: “Qaradağ meşələri 5 gündür hökümətin səhlənkarlıq odu ilə külə dönür.”

Qaradağ (Arasbaran) meşələri 1976-cı ildən bəri təbii qoruq ərazi elan edilib. Təqribən 150 min hektar genişlikdə olan bu meşələr Şərqi Azərbaycan vilayətinin Ətraf-Mühit Mühafizə idarəsinin veb səhifəsində yazılanlara görə, 1,000 növ bitki və 300 növ heyvan növünə ev sahibliyi edir.

Xəbərlər