313
Bu gün 19 iyul — 20:15

Bakıda bəzi otellərdə nömrə satışı dayandırıldı

Bakının mərkəzindəki bəzi beşulduzlu otellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, ümumilikdə yay ayları turizm mövsümü hesab olunur. İyulun sonu-avqustun əvvəli isə turizm mövsümünün pik dövrü sayılır. Həmin dövrdə Bakıda otellərin dolma səviyyəsi yüksək – 60-80 faiz olur: “Amma bu il turizm mövsümünün olması ilə yanaşı, iyulun sonunda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi otellərə olan tələbatı daha da artırıb. Oyunlar ərəfəsində Bakının mərkəzindəki otellərdə yerlər dolub. Ümumilikdə mərkəzdəki bəzi 5 ulduzlu otellərin iyulun sonu-avqustun əvvəli üçün otaq yerləri 100 faiz dolub, buna görə də həmin otellər qeyd edilən dövr üçün satışı dayandırıb”.

N.Bağırov əlavə edib ki, iyulun sonu-avqustun əvvəli üçün olan dövrdə Bakıdakı 3 və 4 ulduzlu otellər də yerlərini 70-80 faiz doldurublar.

Assosiasiya sədri otellərdə yerlərin daha çox ərəb ölkələrindən gələn turistlər tərəfindən bron edildiyini də söyləyib.

Xatırladaq ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışı iyulun 21-də, bağlanışı iyulun 27-də olacaq.

Xəbərlər