297
Bu gün 16 iyul — 22:42

Həyat yoldaşını narkotiki gizlədərək sərhəddən keçirməyə məcbur edən şəxs saxlanıldı

Azərbaycan Respublikası vətəndaşları Rəsulov Elbrus Seyfəli oğlu və onun həyat yoldaşı Ağayeva Elvira Zabir qızı birlikdə piyada yolla İran İslam Respublikasından AzərbaycanRespublikasına gələrkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarəti zamanı saxlanılaraq onların üzərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Ağayeva Elvira Zabir qızının üzərində aparılan şəxsi yoxlama zamanı onun əynindəki alt paltarında gizlədərək keçirməyə cəhd göstərdiyi, şəffaf rəngli sellofana bükülü bağlamada açıq qəhvəyi rəngli, birxətli, üzərində "F/M40" yazısı olan 330 ədəd "metadon" adlı həblər aşkar edilib.

Fakt üzrə ilkin araşdırma zamanı Ağayeva Elvira həmin həblərin onunla birlikdə İran İslam Respublikasından gələn həyat yoldaşına məxsus olduğunu, onun tapşırığına əsasən gömrük nəzarətindən gizlətmək məqsədilə belə bir addım atdığını bildirib, eyni zamanda Rəsulov Elbrus onun dediklərini təsdiq edib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərlər