1055
Bu gün 14 iyul — 15:34

İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürdü

Şəkidə baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi nəzarətindədir.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur.

Bildirilir ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara ilkin təcilli-tibbi yardım göstərilib. 4 nəfərin səhhəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Bakı şəhərindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimlər Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

*   *   *15:21

İyulun 14-də saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.

İlkin məlumata görə, hadisə ilə bağlı 19 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan xəstəxanaya yerləşdirilən 2 şəxsə görə yüksəkixtisaslı mütəxəssislər çağırılıb.

Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə baş verən kimi Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə yola düşüb.

Cəmiyyətin daha dəqiq məlumatlandırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birgə ətraflı açıqlamanın yayılması nəzərdə tutulur.

*   *   *14:39

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində 2 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.

Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.

Sarayın həyətində olan Xan Çinarı və 1530-cu ildə əkilib.

Xəbərlər