266
Bu gün 18 iyun — 17:13

Ermənistanda partiyaya çevrilən "Adekvad" sosial şəbəkə qrupu nədir?

Ermənistanda Baş nazir Nikol Paşinyan iqtidarına müxalif, sosial şəbəkələrdə onun hökumətini erməni eyniyyəti və dəyərlərinə "təhlükə" kimi təsvir edən yeni partiya formalaşır.

Partiya "Adekvad" adlanır və onun əsasını yeni Ermənistan hakimiyyətini kəskin tənqid edən və minlərlə üzvü olan Facebook qrupu kimi fəaliyyət göstərən eyni adlı ictimai hərəkat təşkil edir.

Bəzi beynəlxalq araşdırma qurumları bu qrupu "qərəzli məlumat və dezinformasiya yayaraq qeyri-səmimi fəaliyyətdə" ittiham edib.

Bloqçuların yaratdığı Adekvad qrupu bu barədə BBC News Azərbaycancaya şərh verməyib.

"Adekvad" Facebook qrupu ötən il məxməri inqilabdan sonra, iyun ayında təşkil olunub və hazırda sosial şəbəkədə təxminən 28 min abunəçisi var.

Yeni partiya nəyi tənqid edir?

May ayının sonunda yeni partiya yaradılmasını Facebook sosial şəbəkəsi vasitəsilə bəyan edən Adekvad Partiyasının liderləri "Ermənistanda hazırkı əlil siyasi sistem"in istər daxili, istərsə xarici siyasət, iqtisadi, hərbi, sosial və hüquq sahələrində üzləşdiyi ciddi problemləri həll etmək iqtidarında olmadığını bildirirlər.

"Bu problemlər getdikcə daha da şiddətlənir, çünki hazırkı siyasi sistem ümumən, eləcə də onun ayrı-ayrı element və strukturları sadalanan çağırışlara adekvat reaksiya vermək qabiliyyətini itirib", - partiya təsisçilərinin müraciətində deyilir.

"Mövcud siyasi sistemin bacarıqsızlığını nəzərə alaraq", Adekvad qrupu "mövcud olan təhlükələrə qarşı durmaq üçün adekvat həll və imkanlar təklif etməyə qadir olan siyasi vahid təsis etməyi zəruri bilir".

"Adekvad" qrupunun Facebook səhifəsindən hərəkatın qlobalizm və Qərb əleyhinə mövqeyi, LGBT azlıqları və Sorosun maliyyələşdirilməsi ilə fəaliyyət göstərən ictimai təşkilatları hədəf tutması bəlli olur.

"Adekvad"çılar bir çox erməni gəncin ABŞ-da təhsil almasına dair "soyqırımın ikinci mərhələsi" ifadəsini işlədir.

Yeni partiya nə təklif edir?

"Adekvad"çılar "erməni aləmini" bütün dünya ilə tutuşduraraq, ermənilərin öz milli eyniyyətini itirib, başqa xalqlara qarışması təhlükəsindən xəbərdar edir və tamam yox olmamaq üçün həmişə dominant mövqedə olmağı vacib hesab edir.

"8 milyardlıq əhalisi olan bu planetdə biz azlıq təşkil edirik, lakin bir azlıq olaraq biz şəraitə uyğunlaşmamalıyıq. Şəraitə uyğunlaşanlar assimilyasiya və yox olmağa məhkumdur. Azlığın başqa seçimi yoxdur, o, ya üstünlük təşkil etməli, hakim olmalıdır, ya da əsla yaşamamalıdır. Odur ki, biz daha yaxşı və hər şeydən üstün olmaq üçün özünü təkmilləşdirməyə məhkumuq", - yeni yaradılan Adekvad Partiyasının müraciətində deyilir.

"Adekvad"çılar hesab edirlər ki, ermənilərin bu "ümumbəşəri missiya"sı yeni erməni dövləti strategiyasına əsaslanan, Ermənistanı "alınmaz qalaya" çevirən milli dövlət şəraitində reallaşa bilər və aşağıda sadalanan hədəflər təmin edilə bilər:

1. Döyüş qabiliyyətli çoxsəviyyəli müdafiə infrastrukturu

2. Müsbət demoqrafik dinamika

3. Öz vətəndaşları üçün müvafiq təhsil

4. Şərikli maraqlar olan xarici subyektlərlə münasibətlər.


Təşəbbüskarlar kimlərdir?

Adekvad Partiyasının təşəbbüskarları bloqçulardır. Artur Danielyan və Narek Malyan "Adekvad" Facebook qrupunu yaradıb və Baş nazir Paşinyanla onun tərəfdarlarının fəaliyyətini tənqid edən yazı və video görüntülər dərc edirlər.

Daha əvvəl Artur Danielyan Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasının üzvü olub, lakin bir televiziyaya müsahibəsində dediyinə görə, Paşinyanla "fəlsəfi fikir ayrılıqlarına görə" partiyanı tərk edib.

Narek Malyan sabiq Ermənistan polis rəisi Vladimir Qasparyanın müşaviri olub. Hazırda Yerevanda Vətəndaş Cəmiyyəti ictimai təşkilat ofisi qarşısında "Soros fondundan bəhrələnənlərə qarşı" mütəmadi etiraz aksiyaları təşkil edir, mövcud Ermənistan hakimiyyətinin idarə olunduğu həmin fondların ləğv edilməsini tələb edir.

Partiyanın təşəbbüsçüləri arasında sosial şəbəkələrdə öz Paşinyan hakimiyyəti əleyhinə yazıları ilə daha çox Konstantin Ter-Nakalyan, Azat Adamyan, Samvel Tadevosyan "məşhurdur". Onlardan başqa təşəbbüs qrupuna Ermənistan İctimai Radiosunun sabiq direktor müavini Lilit Tumanyan da birləşib.

Son zamanlar "Adekvad" hərəkatı internet məkanından fəaliyyətini küçələrə çıxarıb. "#SutNikol" - "#LiarNikol" (Yalançı Nikol) həştəqləri altında yürüşlər keçirir. Aksiyalar izdihamlı deyil, təxminən 20-30 nəfər iştirakçıları olur.

"Saxta faktlar"

Vaşinqtonda mənzillənən "Atlantic Council" təşkilatının məlumatına görə, Ermənistan Baş nazirinə qarşı sosial şəbəkələrdə aparılan mübarizənin izləri Rusiyaya aparır.

Təşkilatın Digital Forensic Research Laboratoriyasının ötən ay dərc etdiyi hesabatında deyilir ki, ötən il Ermənistanda baş vermiş məxməri inqilab əhalinin hakimiyyətə etimadını daha da artırsa da, digər tərəfdən, siyasi islahatlar əleyhinə olanları birləşdirib.

Araşdırmada Baş nazirə qarşı aksiyalar keçirildiyi qeyd olunur. Həmin tədbirlərin məqsədi "qərəzli məlumat və dezinformasiya yayaraq Nikol Paşinyanı və onun tərəfdarlarını nüfuzdan salmaqdır", nüfuzlu Amerika təşkilatının hesabatında deyilir.

Hesabata görə, ictimaiyyəti çaşdırmaq üçün bu qruplar xüsusi üsul tətbiq edirlər: özlərini faktları yoxlayan bitərəf təşkilat kimi təqdim edib, sonra isə siyasi hadisələr barədə birtərəfli və cəmiyyəti parçalayan məlumat yayırlar.

"Bu fəaliyyət səmimi deyil və getdikcə daha da fəallaşır, - ekspert hesabatında deyilir. - Aprelin 15-dən şəbəkədə #SutNikol həştəqi dövr etməyə başladı. Bunun mənbəyini öyrənərək, mütəxəssislər bir-biri ilə bağlı məlumatın məzmunu və yayılması üçün məsul 4 şəxsi müəyyən ediblər. Antiface.am təsisçisi Narek Samsonyan, Adekvad-ın təsisçiləri Artur Danielyan və Narek Malyan və Blognews.am-in təsisçisi Konstantin Ter-Nakalyan".

Amerikalı ekspertlər Paşinyanın və fəaliyyəti ilə bağlı sözügedən şəxslərin iddiaları etibarlı faktlara deyil, tərəfdar KİV-lərin məlumatlarına əsaslanır. Bəzən də, "Atlantic Council"-un ekspertlərinə görə, Paşinyanı nüfuzdan salmaq üçün yayılan xəbərlərin heç bir mənbəyi olmadığı və əslində uydurulduğu bildirilir.

Ekspertlər, ən azı bir saytın (Antiface.am) Rusiyadan idarə olunduğu və Sankt-Peterburqda qeyd olunduğunu deyirlər.

Qrupun bu hesabat barədə şərhi hələlik bəlli deyil.

Xəbərlər