499
Bu gün 19 may — 19:22

"Qəbələ" tarixində ilk dəfə Azərbaycan Kubokunu qazandı

Bu gün Naxçıvan Muxtar Respublikasının stadionunda Azərbaycan Kubokunun final maçtı keçirilib.

Mövsümün son qarşılaşmasında "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüş "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 4-cü dəqiqədə kapitan Cavid Hüseynovun ötürməsindən sonra Stiven Monroz başla qapıdan keçirib.

Final oyunu bu hesabla da başa çatıb.

Beləliklə, "Qəbələ" 4-cü dəfə yüksəldiyi Azərbaycan Kubokunun final matçında ilk dəfə titul əldə edib. "Qırmızı-qaralar" ölkə kubokunu qazanan 9-cu komanda olub. Daha əvvəl bu mükafatı "Qarabağ" (6 dəfə), "Neftçi" (6 dəfə), "Kəpəz" (4 dəfə), "Bakı" (3 dəfə), "Xəzər Lənkəran" (3 dəfə) "İnşaatçı Bakı", "Şəfa" və "Keşlə" komandaları əldə ediblər.

Onu da qeyd edək ki, bu, Naxçıvanda 2-ci final matçı olub. 2016/2017 mövsümündə keçirilmiş ilk finalda "Qarabağ" "Qəbələ"ni 2:0 hesabı ilə məğlub etmişdi.

Azərbaycan Kubokunun final matçından sonra mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbər verir ki, mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim ediblər.

Əvvəlcə hakimlər briqadasına xüsusi mükafat, “Sumqayıt”a gümüş medallar təqdim olunub. Daha sonra "Qəbələ" səhnəyə dəvət olunub. Komandaya qızıl medal, kapitana isə kubok verilib.

*   *   *12:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

Naxçıvan Muxtar Respublikası stadionunda oynanılacaq matçda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcəklər.

Nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə həlledici görüşə vəsiqə qazansalar da, hamısında uduzublar. Qəbələnin eyni adlı təmsilçisi 2013/2014 mövsümündə “Neftçi”yə (1:1, pen. 2:3), son iki ildə isə “Qarabağ” (0:2) və “Keşlə”yə (0:1) məğlub olub.

“Sumqayıt” isə tarixində ilk dəfə finala adlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Naxçıvanda zəfər çalarsa, Avrokubokda da “siftə” etmiş olacaq. Bu komandaların Premyer Liqanın cari mövsümünə təsadüf edən 4 oyununda tərəflər hərəyə bir dəfə 1:0 hesabı ilə qalib gəlib. Digər iki matçda isə heç-heçə qeydə alınıb – 1:1, 2:2.

“Qəbələ” və “Sumqayıt” kubokda ilk dəfə qarşılaşacaqlar. Premyer Liqada isə geridə qalan 28 oyundan yalnız 3-də “gənclik şəhəri” təmsilçisi qalib gəlib. 17 görüşdə “Qəbələ” üstün olduğu halda, 8 dueldə bərabərlik olub. “Qırmızı-qaralar” top fərqində də öndədirlər – 47:21.

“Sumqayıt” finala qədər “Neftçi” (2:0, 0:1) və “Zirə”ni (0:0, 3:3) mübarizədən kənarlaşdırıb. “Qəbələ” isə “Sabah”la (1:0, 1:0) “Qarabağ”dan (1:0, 1:2) güclü olub.

“Report” xatırladır ki, 2018/2019 mövsümündə Premyer Liqanın qalibi “Qarabağ” olub. Ağdam təmsilçisi ölkəni çempionlar Liqasında, gümüş mükafatçı “Neftçi” ilə 3-cü yeri tutan “Səbail” isə Avropa Liqasında təmsil edəcək. Azərbaycan Kubokunun qalibi də son iki komandaya qoşulacaq.

Azərbaycan Kuboku

Final

19 may

17:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Naxçıvan Muxtar Respublikası stadionu

Xəbərlər