990
Bu gün 15 aprel — 21:16

AAYDA Şamaxıda bəndin uçması barədə

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Şamaxıda bəndin uçmasının səbəblərini açıqlayıb.

Agentlikdən verilən məlumata görə, aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub.

Qurum bildirir: "Ötən gün “Şamaxıda bənd uçdu, kəndi su basdı” başlığı ilə məlumat verilib.

Məlumatda qeyd olunur ki, Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb və göl sahibinin iddiasına görə Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Məsələ ilə bağlı bildirmək istəyirik ki, hal-hazırda Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş.” şirkəti “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir.

Magistral avtomobil yolunun 105-ci km-də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox məsafə vardır.

Qeyd etdiyimiz kimi, balıqçılıq gölü Acıdərə çay yatağında yerləşir və kipləşdirilməmiş materialdan, köhnə dəmir beton borulardan inşa edilib. Aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub.

Bundan başqa, çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib".

*   *   *11:32

Şamaxı rayonunun Acıdərə kəndi yaxınlığında süni gölün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yollarını sel aparıb.

“Qafqazinfo”nun məlumatına görə, sel nəticəsində Qobustan rayonunun Təsi, Şamaxı rayonunun Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel dağıdıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat avtomobillərin hərəkəti bağlanıb və nəticədə sürücülər yolda qalıb. Bəzi sakinlər yolu piyada getmək məcburiyyətində qalıb.

Axşam saatlarında əraziyə texnika cəlb olunub, yol müvəqqəti olaraq sürücülərin istifadəsinə verilib.

6 saat sonra göldəki su tamamilə azalıb. Gölün sahibi bildirib ki, göldə 60-70 tona yaxın müxtəlif balıq növü saxlayırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub. Gölün kənarında yerləşən boru vasitəsilə kənd ərazilərindəki əkin sahələri suvarılırmış. Hazırda həmin xətlərdə sıradan çıxıb.

Göl sahibinin iddiasına görə, Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Xəbərlər