736
Bu gün 22 fevral — 17:05

Beşqat dünya çempionu qayınatasını niyə döyüb?

Bakı Ağır Cinayətlər Məhkəməsində “Neftçi” İdman Klubu kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi, prezident mükafatçısı Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, 40 yaşlı idmançı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunur. Cinayət işi üzrə zərərçəkmiş E.Məcidovun qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir.

Məhkəmədə ifadə verən E. Məcidov qayınatasının onun barəsində dediklərini cəfəngiyyat adlandırıb. O, əvvəlcə idman nailiyyətlərindən, Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı keçirdikləri tədbirlərdən danışıb. Qarabağ uğrunda şəhid olmuş insanların uşaqlarına, Xocalıdan məcburi köçkün olan şəxslərin övladlarına təmənnasız məşq keçdiyini, onları himayəyə götürdüyünü deyib.

E.Məcidov ifadəsində 2006-cı ildə ev aldığını, iki il sonra isə ailə qurduğunu, ailəsi ilə birgə həmin evdə yaşadıqlarını deyib: “Heç bir problem, söz-söhbət yox idi. Narazılıqlar ev məsələsinə görə başladı. Bu hadisələrin baş verməsinin əsas günahkarı qayınanamdır. Anası qızına deyib ki, tələb elə, evi sənin adına keçirsin. Mənim üçün bu, problem deyildi. O ev mənim ailəmin, uşaqlarımın evidir, o da uşaqlarımın anasıdır. Sadəcə, o evin çıxarışı yox idi. Mən özüm də orada qeydiyyatda deyildim, müvəqqəti olaraq qayınatamgilin evinə qeydiyyata düşmüşdüm. Yoxsa təbii ki, yoldaşımın adına keçirərdim. Bu məsələdən başlayan söz-söhbətdən sonra daim bizim evimizdə narazılıqlar yaranırdı".

Dünya çempionu qayınatasının ittihamlarına bu cür cavab verib: "Bu kişi deyir ki, guya mən evə gəlib demişəm ki, pəncərələri bağlayın, polis gələcək, məni güdürlər. Yalandır hamısı. Biz 16-cı mərtəbədə qalırıq. Polis 16-cı mərtəbəyə pəncərədən girəcəkdi? Qayınanam bizim şəxsi məsələlərimizə çox müdaxilə edirdi. Qayınatam deyir ki, guya, uşaqlarımın yanında əlimdə qayçı-bıçaqla həyat yoldaşıma hücum eləmişəm. Belə hadisə olmayıb. Qayınanam isə uşaqları tam özündən asılı eləmişdi, oğlum nə anasına yaxın gəlirdi, nə də mənə”.

E.Məcidov deyib ki, dəfələrlə barışmağa cəhd edib, ailəsinin dağılmasını istəməyib: “Həyat yoldaşım uşaqları götürüb atası evinə gedəndən sonra boşanma, mülk bölgüsü ilə bağlı mənə məhkəmə bildirişləri gəlməyə başladı. Uşaqlarımı görmək istəyirdim, amma mənə ciddi problemlər yaradırdılar. Məhkəmə prosesləri boyunca dəfələrlə barışığa cəhd elədim, istəmirdim ailəm dağısın. Uşaqlara görə zəng eləyirdim, açmırdılar. Ona görə bir dəfə məcbur olub getdim evlərinə, qapını açmadılar. Getdim bağçaya. Orada uşaqları maşına qoyub, götürüb apardılar. Qayınatam yalan deyir, mən onları təqib eləməmişəm. Uşaqlar üçün zəng eləmişəm, deyirlər, biz Qazaxdayıq, sentyabrda gələcəyik. Qayınatamgil bacımgillə qonşudur. Bacımgilə gələndə onu gördüm. Qayınatama dedim ki, bəs Qazaxda idiniz? Belə söhbətləri ilə məni uşaqlardan ayırırdılar".

Dünya çempionu daha sonra qayınatasını vurduğu gün baş verənlər haqda danışıb: “Axırıncı dəfə uşaqları icra şöbəsinə gətirdilər. Qayınanam və qayınatam da orada idi. Uşaqları mənə qarşı öyrədirdilər. Oğlum mənə dedi ki, sən yaxşı ata idin, sonra pis ata oldun. Dedim axı niyə? Nə qədər ki, siz mənim yanımda idiniz, mən yaxşı ata idim. Sonra biz bir-birimizdən ayrı düşdük, sən məni pis ata kimi görürsən. Qayınatam yenə uşaqların yanında müdaxilə elədi, məni təhqir eləməyə başladı. Əsəbiləşdim, ona dedim ki, uşaqların yanında mənimlə işin olmasın. Əsəbiləşdim, mənə əl atdı, əlini tutdum, sifətinə bir neçə zərbə vurdum”.

E.Məcidov ifadəsində hadisə zamanı onda beşbarmaq olmadığını deyib: “Məndə beşbarmaq olmayıb. Əgər istəsəydim, ona elə zərbə vurardım, bir daha qalxa bilməzdi. Fikirləşdim ki, bununla ağlı başına gələr, məndən əl çəkər. Mənim ayağımdan tutub, itələməyə başladı. Orada stullara dəydim, sol ayağım zədələndi. Mən arxası üstə qapıya dəydim, qapı açıldı. Vüqargil gördülər, ayağımdan dartırdı. Məni ayırdılar, bir otağa gətirdilər".

Tərəflərin suallarını cavablandıran E.Məcidov istintaqın düzgün aparılmamasından narazılıq edib: "Mən beşbarmağı corabda necə saxlaya bilərəm? İstintaq düzgün aparılmayıb. Kifayət qədər ağır maddələr veriblər. Əvvəla, beşbarmaq olmayıb. Orada xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurmadan söhbət gedə bilməz. Bizim aramızda mübahisə olub. Planlaşdırılmış şəkildə gedib onu vurmamışam. Onun hərəkətlərinin nəticəsində vurmuşam. Hadisədən sonra oranı tərk etməmişəm. Nəzarətçi polisin yanında bir boş otaq vardı, orada oturtdular. 102-yə zəng elədilər. Polislər gəldilər, getdik bölməyə. Mən bir saniyə belə o binanı tərk eləməmişəm. Beşbarmaq olsaydı, orada olardı. Axıra qədər də yanımda adam olub".

Məhkəmə prosesi fevralın 26-da davam edəcək.

Qeyd edək ki, Ehram Məcidova qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər