252
Bu gün 11 fevral — 20:31

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Sammiti ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Virtualaz.org bildirir ki, sərəncama əsasən, otuz üzvdən ibarət Təşkilat Komitəsinə Prezident Administrasiyasının rəhbəri sədrlik edəcək.

Təşkilat Komitəsinə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı işçi qrup yaratmaq və bir ay müddətində tədbirlər planı hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Xəbərlər