1433
Bu gün 11 yanvar — 17:40

İqtisadiyyat Nazirliyi: “Şeyx Əl Məktum gələcəyini deməmişdi”

Dubaydakı Azərbaycan Ticarət Evinin açılışı yanvarın 15-i tarixinə planlaşdırılıb. Açılış mərasimində Azərbaycandan böyük hökumət nümayəndə heyətinin iştirakı gözlənilir. Virtualaz.org-a bu məlumat Azərbaycan İqtisadiyyat Nazirliyindən verilib.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun Azərbaycan Ticarət Evini ziyarətinə gəlincə, nazirlikdən bildirilib ki, Dubay əmiri Azərbaycan nümayəndəliyinin yerləşdiyi ticarət mərkəzini ziyarət edib.

“Dubay əmiri ticarət mərkəzini ziyarət edib və orada Azərbaycan Ticarət Evini görüb. Şeyxi ticarət nümayəndəliyi maraqlandırıb və o, zala daxil olub. Dubaydakı Ticarət Evinin rəsmi açılışı isə yanvarın 15-də olacaq”, - İN-dən bildirilib.

Virtualaz.org-da olan məlumata əsasən, İqtisadiyyat Nazirliyi Dubay əmirini Ticarət Evinin açılışına dəvət edib.

*   *   *16:18

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum bu günlərdə Dubayda açılmış Azərbaycan Ticarət Evini ziyarət edib. Lakin bu səfər xoşagəlməz halla yadda qalıb.

Daha öncə Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev jurnalistlərlə söhbətində bildirmişdi ki, Ticarət Evində xüsusi məlumat ofisi fəaliyyət göstərəcək və burada arzu edən hər bir şəxs Azərbaycan haqqında onu maraqlandıran istənilən, o cümlədən turizmlə bağlı məlumatı ala biləcək.

Virtualaz.org-un redaksiyasına Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun Azərbaycan Ticarət Evini ziyarət etməsinin unikal videogörüntüləri daxil olub. Sən demə, yüksək rütbəli qonağı heç kim qarşılamayıb. Zalda Azərbaycan nümayəndə heyətindən və diplomatlardan kimsə bir yana, heç məlumat ofisinin əməkdaşlarından da heç kim olmayıb.

Dubay əmirinin ətrafındakılarla birlikdə Azərbaycanın ticarət nümayəndəliyinin boş zalını tərk etməkdən başqa çarəsi qalmayıb.

Qeyd edək ki, Dubaydakı Azərbaycan Ticarət Evinin açılışında ölkəmizin bəzi nazirləri iştirak etməli idilər, lakin onlardan heç kəs gəlib çıxmayıb.

Xəbərlər