2704
Bu gün 24 avqust — 17:13

Adam oğrusu “Nardaranlı Bala” beynəlxalq axtarışda, dəstə üzvü məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan 47 yaşlı Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə Məzahir Süleymanovla birlikdə cinayəti törətməkdə ittiham olunan dəstə üzvləri dindirilib. Dəstə üzvlərinin bir çoxu artıq cəzalarını çəkib və azadlığa çıxıblar.

Qeyd edək ki, törətdikləri cinayət əməllərinə görə həbs olunan, uzun müddət məhkumluq həyatı yaşayan, cəzasını çəkdikdən sonra azadlığa buraxılan bu şəxslər əvvəllər təqsirləndirilən, indi şahid qismində məhkəmə önündə dayanıblar. Dəstə üzvü M.Süleymanov isə həmin dövrlərdə ölkədən qaçmaqla istintaqdan yayına bilib.

Dəstə üzvləri tətəfindən Bakı şəhər sakini Tofiq Hüseynovun oğurlanması və ailə üzvlərindən külli miqdarda pul tələb olunması planı 1999-cu ildə hazırlanıb. Adam oğurluğu planını düzüb-qoşan əsas dəstə üzvləri həmin vaxt həbsdə olublar. Dəstənin əsas üzvləri Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri cəlb edərək sabit silahlı qrup-banda təşkil ediblər. Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov, Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.

Aralarında vəzifə bölgüsü aparıblar. Plana əsasən Tofiq Hüseynovun idarə etdiyi maşının hərəkət marşrutu Vidadi Qasımov, Yaşar Cəfərov və Tanrıverdi Süleymanov tərəfindən mütəmadi olaraq izlənilib. 6 dekabr 1999-ci ildə saat 23 radələrində T.Hüseynovun “Mercedes 230” markalı maşınla hərəkət edəcəyi yolda pusqu qurublar. Binə qəsəbəsində Tofiq Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsilib, avtomobil dövrəyə alınıb. Dəstə üzvü Yaşar Cəfərov silahı T.Hüseynovun başına dirəyib və maşının arxa oturacağına keçməsini tələb edib. Hadisə zamanı T.Hüseynova küt alətlə zərbələr endirib, bıçaqla xəsarət yetiriblər . Onun əllərini və ayaqlarını bağlayaraq öz maşınının arxa oturacağına yerləşdiriblər. T.Hüseynovu oğurlayaraq dəstənin digər üzvləri- Vidadi və Nizami Qasımov qardaşlarının Keşlə qəsəbindəki evlərinə gətiriblər. T.Hüseynov 13 gün həmin ünvanda saxlanılıb.

Saxlanıldığı müddət ərzində T.Hüseynovun səhhətində yaranmış problemlərlə əlaqədar həkim-cərrah Sahib Hüseynov da həmin ünvana gətirilib. Həkim tərəfindən T.Hüseynova tibbi yardım göstərilib.

Təqsirləndirilən M.Süleymanov və dəstənin digər üzvləri həmin ünvanda növbə ilə oğurlanan T.Hüseynovun keşiyini çəkiblər. Saxlanıldığı müddət ərzində T.Hüseynov dəstə üzvləri tərəfindən döyülüb.

Oğurlanan T.Hüseynovun qardaşı, o zaman “Binə” yarmarkasının sahiblərindən biri olan Məmmədmirzə Hüseynovla telefon danışıqlarını dəstənin digər üzvü Elyar Həsənov aparıb. Qardaşının sağ qalması üçün M.Hüseynovdan 1 milyon 500 min dollar pul tələb olunub.

İstintaqla müəyyən edilib ki, dəstə üzvlərindən biri - Sərdar Əsədullayev oğurlanan şəxsin qohumu olub. O, Hüseynovlar ailəsindəki məlumatları dəstə üzvlərinə çatdırmaqla onları məlumatlandırıb. T.Hüseynovu oğurlasalar da, dəstə üzvləri öz niyyətlərini sonadək reallaşdıra bilməyiblər. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs ediliblər.

Şahid qismində dindirilən Mübariz Azayev ifadəsində törətdiyi cinayətə görə 14 il azadlıqdan məhrum edildiyini, təqsirləndirilən şəxsi tanımadığını, həbsdən çıxandan sonra güləş müəllimi işlədiyini deyib.

On il cəza alan və artıq azadlığa buraxılan Elxan Məmmədov da ifadəsində təqsirləndirilən şəxsi tanımadığını göstərib.

Şahid Nizami Qasımov ifadəsində adam oğurluğunda ittiham olunaraq həm özünün, həm də qardaşı Vidadinin 5 il həbsdə yatdığını, amma günahlarının olmadığını göstərib: “Yaşar Cəfərov bir neçə günlük yaşamaq üçün qardaşımdan kirayə ev istəmişdi. Qardaşım da mənim Keşlədəki evimin yerini ona göstərmişdi. Onlar da oğurlanan şəxsi gətirib həmin evdə saxlayıblar. Bizim bu cinayətdən xəbərimiz olmayıb”.

Respublika Klinik Xəstəxanasında cərrah işləyən professor Sahib Hüseynov şahid qismində dindirilərkən oğurlanan Tofiq Hüseynovun gizli saxlanıldığı evə gedərək onu müalicə etdiyini göstərib. S.Hüseynov barəsində cinayət işi açılsa da, sonradan buna xitam verilib: “Tanrıverdi adlı həkim dostum zəng vurub bir nəfər xəstə olduğunu, ona baxmağımı xahiş etdi, dedim xəstəxanaya gətirsinlər. Dedilər ki, xəstəxanalıq bir şey yoxdur. Sonra məni həmin evə apardılar. Gecə olduğundan hər yer qaranlıq idi. Xəstəyə baxdım, ağır xəsarətləri yox idi. Amma daxildə nəsə probleminin olacağından ehtiyat etdiyim üçün xəstəxanaya aparılmasını məsləhət gördüm. Sonradan onun xəstəxanaya aparılıb-aparılmadığını bilmədim”.

Xəstəni müayinə edərkən onun əl-ayağının bağlı olduğunu görmədiyini söyləyən həkim T.Hüseynovun ona oğurlanması və ya işgəncə görməsi ilə bağlı heç bir söz demədiyini də əlavə edib.

Xatırladaq ki, dəstəyə rəhbərliyi kriminal aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan nardaranlı Balaqardaş Dadaşov edib. O, 1995-ci ildən axtarışdadır. Adıçəkilən şəxs Azərbaycanda “kidnepinq”in (uşaq oğurluğu) əsasını qoyanlardan biri hesab olunur.

1990-cı illərin sonuna qədər “kidnepinq” kimi ağır cinayətlərdə əli olan B.Dadaşovun adı adam oğurluğu, qanunsuz silah gəzdirmə, qəsdən adam öldürmə və digər ağır cinayətlərdədə hallanır. Onun barəsində beynəlxalq axtarış elan edilib. B.Dadaşovun İran İslam Respublikasında gizləndiyi söylənilir.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər