5288
Aktual 6 fevral — 20:00

Akif Çovdarov: “Əsl rüşvətxorların adını söyləyəcəyəm”

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Bugünkü məhkəmə iclası təqsirləndirilən Akif Çovdarovun məhkəməyə sədrlik edən hakim Həbib Həsənovdan çıxış üçün söz istəməsi ilə başladı. General ötən iclasda müstəntiqin ünvanına söylədiyi ittihamlara aydınlıq gətirdi.

 

“Mənim sıravi işçilərlə işim yoxdur”

Akif Çovdarov dedi: “Bundan əvvəlki iclasda mən müstəntiq Emil Qəhrəmanovun epizodlardan birini cinayət işinə daxil etməməsi üçün məndən 100 min manat istəməsini demişdim. Bu söhbət vəkilimin iştirakı ilə olub, amma bir məsələ var. Mənim heç vaxt sıravi əməkdaşlarla işim olmayıb. Təbii ki, idarə rəisi Əhmədovun xəbəri olmasaydı, müstəntiq mənimlə bu barədə danışmazdı. Sadəcə olaraq, istədim ki, bunu biləsiniz.

Onsuz da onların hamısı gəlib burada ifadə verəcəklər. Onlar burada olanda mən hər şeyi açıb deyəcəyəm. Kimin əsl rüşvətxor, korrupsioner olduğunu hamı biləcək”.

 

Akif Çovdarovun müayinəsi üçün vəsatət

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, təqsirləndirilən Akif Çovdarovun vəkillərindən biri Sadiq Rəsulov vəsatətlərinin olduğunu bildirdi və onu səsləndirdi. Vəkil qeyd etdi ki, müvəkkilinin kardioloji xəstəlikləri ilə əlaqədar müayinə edilməsinə şəraitin yaradılmasını istəyir.

Belə ki, Kardiologiya İnstitutunun əməkdaşları, bu tibb müəssisəsi dövlətə tabe olduğu üçün, məsələnin müvafiq instansiyalarda həll edilməsindən sonra təcridxanaya həkim göndərə biləcəklərini bildirirlər. Bu səbəbdən də, Akif Çovdarovun vəkilləri “MediClub” özəl tibb müəssisəsi ilə danışıqlar aparıb, müayinə üçün lazım olan vəsaiti də təqsirləndirilənin hesabına ödəyiblər. Lakin təcridxananın rəhbərliyi kənar tibb işçilərinin daxil olması üçün məhkəmənin müvafiq qərarının olmasını tələb edirlər.

Dövlət ittihamçısı təqsirləndirilənin müayinə edilməsinin onun konstitusion hüququ olduğunu dedi və vəsatətin təmin edilməsinə etiraz etmədi.

Müşavirə üçün fasilə elan edərək zaldan ayrılan məhkəmə kollegiyası bir müddətdən sonra qayıdaraq, vəsatətin təmin edilmədiyini bildirdi. Səbəb kimi bu məsələnin məhkəmənin səlahiyyətində olmaması göstərildi.

Təqsirləndirilən Akif Çovdarovun etirazlarını sərt şəkildə cavablandıran hakim Həbib Həsənov generalın icazə alaraq 5 dəqiqəlik zalı tərk etməsinə də imkan yaratmadı.

“Mənə dedilər ki, torpağın yiyəsi yoxdur, istifadəsizdir”

Akif Çovdarovun da təsisçiləri arasında adı hallanan “RAF-2006” MMC-nin Kürdəmirdə balıqçılıq təsərrüfatı yaratması və bununla bağlı torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi, “Xatirə” kafesinə gedən yolun bağlanması ilə əlaqədar epizoda məhkəmə baxışı davam etdirildi.

Hadisələrin baş verdiyi dönəmdə (2006-2010-cu illər) Kürdəmir Rayon İcra Hakimiyyətində başçının torpaq məsələləri üzrə müavini vəzifəsində işləmiş Əşrəf Şükürov şahid qismində ifadəsində bildirdi ki, 2006-cı ildə icra başçısına icarəyə torpaq götürülməsi ilə əlaqədar müraciət edilib. Şahid Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin Ərşəli kəndində ayrılacaq 100 hektar ərazinin yüklü olmaması ilə bağlı bildirişindən sonra həmin ərazinin “RAF-2006” MMC-yə 99 illik icarəyə verildiyini qeyd edib. “Mənə bildirildi ki, torpaq üzərində heç kimin mülkiyyət hüququ yoxdur, istifadəsizdir”, - şahid deyib.

 

Zərərçəkənin özü yox, “ağsaqqalı” ifadə verdi

Kürdəmir rayonunun Ərşəli kəndində coğrafiya müəllimi işləyən zərərçəkən Mətləb Rzayev ifadəsində bildirdi ki, həmin dövrdə kənd bələdiyyəsinin sədri olub və qardaşının adına 60 hektar torpağı icarəyə götürüb. 2003-cü ildə 15 il müddətinə icarəyə götürdüyü və əkinlə məşğul olduğu torpaq 2006-cı ildə onun əlindən alınaraq, “RAF-2006” MMC-yə verilib.

Zərərçəkən qeyd etdi ki, İcra Hakimiyyətinə dəvət olunub, burada başçının müavini Əşrəf Şükürov və torpaq komitəsinin şöbə müdiri onu inandırmağa çalışıblar ki, icarəyə götürdüyü torpaq sahəsindən imtina etsin. “Həmin ərazinin əvəzində mənə başqa yerdən 60 hektar sahə verəcəklərini dedilər. Əlimdə bu 60 hektar torpağa aid sərəncam və şəhadətnamə ola-ola, imtina ərizəsi yazmadan, sahəni əlimdən alıb bu şirkətə verdilər”, - zərərçəkən bildirib.

Zərərçəkənə verilən ilk sual bu oldu ki, torpaq qardaşının adına olduğu halda, nəyə görə istintaqa qardaşı deyil, o cəlb edilib. “Hamı bilir ki, o uşaqdır, 1975-ci il təvəllüdlüdür, mən onun ağsaqqalıyam. Buna görə də, məni çağırıblar”, - zərərçəkən çox qeyri-adi cavabı ilə hamını təəccübləndirdi.

 

İcarə neçə illikdir və torpaq neçə hektardır?

Zərərçəkən Mətləb Rzayevlə şahid Əşrəf Şükürovun çarpaz suallara cavabları da maraqlı oldu. Məlum oldu ki, Mətləb Rzayev 2006-cı ildə əlində olan torpaq sahəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə alsa da, həmin sahə asanlıqla digər şəxsin (burada hüquqi) adına rəsmiləşdirilib.

“Əgər “RAF-2006” MMC torpağı aldığı vaxt dövlət reyestrindən çıxarış alıbsa, deməli, həmin torpaq yüklü olmayıb. Yoxsa eyni əraziyə iki qeydiyyat sənədini necə verə bilərdilər?” – Əşrəf Şükürov məntiqə uyğun cavab verdi. Lakin Mətləb Rzayevin şəhadətnaməsi də məntiqdən xali deyildi və hakimləri maraqlandırdı.

Məlum oldu ki, şəhadətnaməyə görə, icarə 15 illik deyil, cəmi 5 illik olub və 60 hektar torpağa deyil, 48 hektara verilib. Burada vəkillərdə belə bir sual yarandı ki, söhbət eyni, yoxsa müxtəlif torpaq sahələrindən gedir və gedirsə, burada araşdırılan nədir? Məsələyə aydınlıq gətirilmədi.

Akif Çovdarovun dostundan kim pul istəyib?

Məhkəmədə şahid kimi dindirilənlərdən biri də “RAF-2006” MMC-nin direktoru, Akif Çovdarovun uşaqlıq dostu Fəttah Seyidov oldu.

F.Seyidov bildirdi ki, təqaüdə çıxdıqdan sonra Kürdəmir rayonunda kənd təsərrüfatı ilə məşğul olmağa qərar verib. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyindən götürdüyü kreditin və şəxsi vəsaitinin hesabına Kürdəmirdə balıqçılıq təsərrüfatı və nar bağı, eyni zamanda, Göyçay rayonunda nar bağı salıb.

F.Seyidov zərərçəkmiş Şehman İmanovun ötən iclasda verdiyi ifadənin əsassız olduğunu dedi: “Biz heç kimin yolunu bağlamamışıq və heç belə fikrimiz də olmayıb. Minlərlə nar ağacı şitili əkmişdik, mal-qaranın onları məhv etməməsi üçün tor məftil hasar çəkdik və cəftəli bir qapı qoyduq. İstənilən adam həmin cəftəni açıb içəri girə bilərdi, çünki biz balıq satırıq – alıcıların üzünə qapını bağlaya bilmərik ki?”

Şahid onu da məhkəmənin diqqətinə çatdırdı ki, “Xatirə” yeməkxanası 1993-cü ildən sonra fəaliyyət göstərməyib və onun fəaliyyyəti ilə bağlı heç bir sübut yoxdur.

Bu arada söz alan Akif Çovdarov ifadə verən dostundan soruşdu: “Fəttah, müstəntiqin səndən pul almasından danış. Səndən pul alıblar?” Şahid Fəttah Seyidov suala “Alıblar” cavabını verdi, lakin məsələyə aydınlıq gətirmək istəmədi.

 

Eldar Mahmudov üçün 550 min dollar

Məhkəmədə baxılan yeni epizod zərərçəkən Zaur İbrahimovun iddiası əsasındadır. Z.İbrahimovun sözlərinə görə, 2009-cu ilin avqust-sentyabr aylarında onun rəhbərlik etdiyi “BakTel” MMC-yə bir neçə MTN əməkdaşı gələrək, şirkətin işçilərindən Ruslan adlı birini özləri ilə idarəyə aparıblar. Həmin axşam Ruslan zərərçəkənlə görüşərək, ertəsi gün MTN-ə getmək lazım olduğunu bildirib.

MTN-də Z.İbrahimovu qəbul edən Akif Çovdarov bildirib ki, onun işçilərindən biri “AyTel” şirkətinə 550 min dollar “atıb” və bu pul şirkətin əsl sahibi olan general Eldar Mahmudova çatmalıdır. 550 min dolların hamısını isə həmin vaxt 7 il şərti həbs cəzası almış əməkdaş deyil, Z.İbrahimovun özü ödəməlidir.

Z.İbrahimov qısa müddət ərzində dost-tanışından yığdığı, kassadan götürdüyü və qardaşının sahibi olduğu fermanı sataraq əldə etdiyi vəsaitlərin hesabına 525 min dolları Akif Çovdarova və onun idarələrindən birində işləyən Rəsul Rəsulova verib. Zərərçəkən qeyd etdi ki, ona 25 min dollar “güzəştə getdilər”.

 

Şahid qadın: “MTN əməkdaşları ayaqyoluna getməyimizə icazə vermirdilər”

Epizod üzrə ifadə verən şahid Aygün Orucova həmin vaxt “BakTel” MMC-də ofis meneceri işlədiyini bildirib. Onun sözlərinə görə, günlərin birində 3-4 nəfər MTN əməkdaşı ofislərinə gəlib və Zaur İbrahimovu axtardıqlarını, onsuz heç yana getməyəcəklərini bildiriblər.

“Ofisdə 3-4 nəfər idik və hərəmizə bir MTN əməkdaşı nəzarət edirdi. Kimə zəng etdiyimizlə, nə iş gördüyümüzlə maraqlanırdılar. Hətta iş o yerə çatmışdı ki, ayaqyoluna da getməyə icazə vermirdilər”, - A.Orucova deyib.

Şahid qeyd etdi ki, yalnız axşam saatlarında MTN-çilər axtardıqları adamı tapdıqlarını deyiblər və çıxıb gediblər.

 

Rəis müavini Rəsul Rəsulovun “fenomenal yaddaşı”

Məhkəmədə ifadə verən Rəsul Rəsulov yaxın zamanlara qədər MTN-də Akif Çovdarovun rəhbərlik etdiyi idarədə 2-ci şöbənin rəis müavini işlədiyini, indi isə təqaüddə olduğunu bildirib.

R.Rəsulov 2009-cu ildə Akif Çovdarovun göstərişi ilə bir neçə dəfə zərərçəkən Zaur İbrahimovu generalın kabinetinə qədər müşayiət etdiyini deyib, heç bir pul işindən və ümumiyyətlə, söhbətin nədən getdiyindən xəbəri olmadığını deyib. Hakimin sualına cavab verən R.Rəsulov zərərşəkən Z.İbrahimovu xatırladığını bildirib. Məhkəmə kollegiyası üzvünün “Necə olur ki, 8 il əvvəl cəmi bir neçə dəfə gördüyünüz və ancaq kabinetə qədər müşayiət etdiyiniz adamı belə xatırlayırsınız?” sualına şahid “üzləşdirmədə görmüşəm” cavabını verərək, vəziyyətdən çıxmağa çalışdı.

Məhkəmənin növbəti iclası çərşənbə günü, fevralın 8-də keçiriləcək.

virtualaz.org

Xəbərlər