3857
Aktual 1 fevral — 19:42

Akif Çovdarov: “Bu işi bağlamaq üçün müstəntiq məndən 100 min manat istədi”

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Şaxtalı və qarlı hava məhkəmə prosesinə təsirsiz ötüşmədi. Saat 11:00-a təyin olunmuş iclas təqsirləndirilənlərin təcridxanadan gətirilməsinin yubanması üzündən saat 14:00-da başladı.

 

Mollakənd “Xatirə”si

Bugünkü iclasda Kürdəmirin Mollakənd kənd sakini Şehman İmanovun təqsirləndirilən Akif Çovdarova qarşı iddiası üzrə epizoda baxıldı.

Zərərçəkmiş Şehman İmanov ifadəsində bildirdi ki, Mollakənddə “Xatirə” adlı restoranı vaxtilə onun atası işlədib. 2008-ci ildə atası vəfat etdikdən sonra o, restoranı idarə etməyə başlayıb. Zərərçəkmişin sözlərinə görə, yoldan kənarda, sakit yerdə yerləşən restorandan müştəri əskik olmurmuş.

Günlərin bir günü tanımadığı adamlar gəlib Şehmana bildiriblər ki, bu torpaqları alıblar və burada balıqçılıq təsərrüfatı yaradılacaq. Zərərçəkmişə restoranına görə 20 min manat təklif olunur, lakin o, bu obyektin qiymətinin 100 min manat olduğunu deyir. Sözləri düz gəlməyəndən sonra gəlmələr restoran sahibinə buralarda görünməməyi və obyektdən əl çəkməyini tövsiyə edirlər. Şehman İmanov sonradan öyrənir ki, torpağı alanlar MTN generalı Akif Çovdarov və onun yaxın dostu Fəttah Seyidovdur.

Restoranın yeni sahibi Çovdarovun əlindən Rusiyaya qaçıb

Zərərçəkmişin ifadəsinə görə, torpaqların yeni sahibləri ilə dil tapa bilməyən və canını onların hədələrindən qurtarmağa çalışan Şehman İmanov restoranı bibisinin nəvəsi Sədiyar Tağıyevə satır, lakin iş bununla da bitmir və restoranın yeni sahibi başını götürüb Rusiyaya qaçmağa məcbur olur.

Bağlı yol açıla bilərdimi?

Dövlət ittihamçılarının və təqsirləndirilənlərin vəkillərinin suallarını cavablandıran Şehman İmanov qeyd edib ki, restoranı Sədiyar Tağıyevə heç bir maddi xeyir güdmədən verib. Lakin vəkillər onun nəzərinə çatdırdılar ki, restoranın alqı-satqısı ilə bağlı sənəd cinayət işinin materiallarına daxildir. Maraqlıdır ki, 2008-ci ildə vur-tut 2000 manata özəlləşdirilən və dövlətdən alınan restoranı Ş.İmanov cəmi 2 ildən sonra öz yaxın qohumuna 55 min manata sata bilib.

Vəkillər cinayət işinə daxil edilmiş materiallara əsasən onu da bildirdilər ki, “RAF-2006” (abbreviatura Ramiz, Akif (Çovdarov) və Fəttah (Seyidov) adlı şəriklərin adlarının baş hərflərindən yaranıb) şirkəti torpağı alaraq restorana gedən yolu kəsdikdən sonra Sədiyar Tağıyev məhkəməyə müraciət edərək, yolun açılmasını tələb edib. Məhkəmə iddiaçının tələbini təmin edib və işi icra şöbəsinə göndərib. Qəribədir ki, sənədlərə görə, icraçılar məhkəmənin qərarını yerinə yetirmək üçün Sədiyar Tağıyevi bir neçə dəfə şöbəyə çağırsalar da, iddiaçı gəlib çıxmayıb və iş bağlanıb.

Bu yerdə qeyd etmək lazımdır ki, “Xatirə” restoranı “RAF-2006” MMC-nin uzunmüddətli icarəyə götürdüyü torpaq sahəsinə daxil deyil. Sadəcə olaraq, restorana gedən yol həmin sahədən keçirmiş.

 

Akif Çovdarov: “Halallıq verirdik, istəmədilər”

Məsələ ilə bağlı izahat vermək üçün təqsirləndirilən Akif Çovdarov məhkəməyə sədrlik edən hakim Həbib Həsənovdan söz istədi. General dedi:

“Dostum Fəttah Seyidov orada torpaq götürüb balıqçılıq təsərrüfatı yaratmaq istəyirdi. Bir uçuq-sökük yeməkxana var idi orada. Dedim, halallıq olsun, kişinin yolunu kəsirik, 20 min təklif etdik. Halbuki, bütün daş-kəsəyini də yığsan, orada 2 min manatlıq şey yox idi. Deyir, 100 min manat istəyib. Ay kişi, 100 min manata mən bütün Mollakəndi alardım, hələ pul artıq qalardı. Buna təklif etdik ki, yol kənarından istədiyin yeri barmağınla göstər, sənə yeni restoran tikib verək, ya da bu 20 min manatı götür, halallıq olsun.

Deyir Çovdarov mənimlə görüşüb. Sən kimsən axı, general səninlə görüşsün? Orada Fəttah var idi, 1-2 nəfər başqa adamlar var idi, onlar görüşüb söhbət edirdilər. Bu qədər də yalan olmaz axı...”

KamAZ sürücüsü Akif Çovdarovu haradan tanıyır?

Prosesdə şahid kimi ifadə verən Mirzə Bəşirov bildirdi ki, zərərçəkmiş Şehman İmanovun atası ilə yaxın dost olub. Malik kişi vəfat etdikdən sonra onun oğulları ilə durub oturub, onlara “korluq çəkməyə imkan verməyib”.

Mirzə Bəşirov dövlət ittihamçısının sualına cavab verən zaman yalnız Fəttah Seyidovu tanıdığını və Akif Çovdarovun adını eşitmədiyini bildirdi. Lakin onun istintaqa verdiyi ifadə səsləndirildi və məlum oldu ki, istintaqa verdiyi ifadədə M.Bəşirov bir neçə dəfə generalın adını çəkib və Akif Çovdarovun restoranın sahiblərinə hədə-qorxu gəldiyini bildirib.

 

General: “Müstəntiq məndən qızına cehiz almaq üçün 20 min manat istədi”

Şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadənin düz gəlmədiyini görən təqsirləndirilən Akif Çovdarov yenidən söz alaraq çıxış etmək istədiyini bildirdi və dedi:

“Görürsünüz ki, səsimi çıxarmıram və heç kimin adını çəkmək istəmirəm. Çünki mən ad çəkməyə başlasam, vəziyyət tamam başqa cür olar. Amma burada bu gün baş verənləri eşidirəm və məəttəl qalıram. Bu qədər də allahsızlıq olmaz ki, istintaqda bu epizodla bağlı edilib. Deyəcəyəm.

Bu işi aparan Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi Emil Qəhrəmanov istintaq vaxtı vəkilim Sadiq Rəsulovun yanında mənə dedi ki, qızımı köçürürəm, cehiz almaq üçün mənə 20 min manat kömək elə. Sonra oğlumla görüşüb, ondan 2 min manat alıb və restoranda oğluma 500 manatlıq hesab ödətdirib. Axırda da bu epizodla bağlı mənə gəlib dedi ki, “Akif müəllim, 100 min manat ver, bu epizodu cinayət işinə daxil etməyim”. Bunları demək istəmirdim, hələ çox şey deyə bilərəm. Amma insaf da yaxşı şeydir, bu adamlar kimdir ki, gəlib burada mənim adımı çəkirlər?”

Epizod üzrə çıxış edən digər şahidlər də zərərçəkmişin sözlərini təsdiq etdilər.

Məhkəmənin növbəti iclası bazar ertəsi, fevralın 6-na təyin olundu.

virtualaz.org

Xəbərlər