774
Aktual 4 Sentyabr 2016, 12:12

Çində G20-nin sammiti öz işinə başladı

Çinin Xançjou şəhərində G20 qrupunun 11-ci sammiti öz işinə başlayıb.

Çin sammitin təşkilatçısı kimi dünya ticarəti və investisiyaları sahəsində fəaliyyətlərin əlaqələndirilməsi məsələsini müzakirə mərkəzinə qoyub.

G20 liderləri bu il bütün diqqətlərini investisiya artımı, qlobal iqtisadiyyat və maliyyə sisteminin idarə olunma mexanizmlərinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət və sərmayələrin stimullaşdırılmasına yönəldəcəklər.

Sammit öz işini sentyabrın 5-də yekunlaşdıracaq.

Virtualaz.org xatırladır ki, “Böyük iyirmilik” iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan böyük dövlətlərin qeyri-formal birliyidir. Qrupun qərarları konsensus əsasında qəbul olunur və məcburi xarakter daşımır.

G20 ölkələrində planetimizin əhalisinin üçdə ikisi yaşayır. Dünya üzrə ümumi daxili məhsulun 85 faizi, dünya ticarətinin isə 75 faizi bu iyirmi ölkənin payına düşür.

Xəbərlər