1882
Aktual 28 İyul 2021, 14:19

Dövlət sərhədinin Kəlbəcər istiqamətində atəşkəs yaranıb

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində bu gün gecə saatlarından başlayan şiddətli döyüşlər səngiyib və atəşkəs təmin olunub. Azərbaycan Müdafiə Nazirliyindən təsdiq ediblər ki, hazırda dövlət sərhədinin bu istiqamətində atəşkəsə əməl olunur və vəziyyət sabitləşib.

Ermənistan Müdafiə Nazirliyi də atəşkəsin əldə edildiyini təsdiqləyir. Bildirilir ki, Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi ilə atəşkəs rejiminin bərpa edilməsinə dair razılaşma əldə olunub, hazırda razılaşma “əsasən yerinə yetirilir”.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq tanklardan və 120 millimetrlik minaatanlardan da istifadə etməklə həmlələri davam etdirdiyini açıqlamışdı.

Erməni tərəfi döyüşlər zamanı biri baş leytenant olmaqla 3 hərbçisinin öldüyünü, 3 hərbçisinin isə yaralandığını bildirir. Azərbaycan Müdafiə Nazirliyi isə iki hərbi qulluqçunun yaralandığını açıqlayıb.

virtualaz.org

Xəbərlər