812
Aktual 19 aprel — 18:16

İlham Əliyev: "Qarabağda işlər necə gedir?"

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan "Hövsan" və "Maştağa" yarımstansiyalarının açılışında iştirak edib.

AzərTAc bildirir ki, açılışdan sonra Prezident İlham Əliyev azad edilmiş ərazilərin enerji təchizatı ilə maraqlanıb.

Prezident İlham Əliyev: Qarabağda işlər necə gedir?

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev: Çox gözəl gedir, Şuşa hazırdır. Açılışa da hazırdır. Mən məruzə etmişdim ki, iki nömrəli xətt hazırdır.

Prezident İlham Əliyev: Bilirəm, xətti çəkmisiniz.

Baba Rzayev: Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq.

Prezident İlham Əliyev: Bəs, ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada?

Baba Rzayev: Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir.

Prezident İlham Əliyev: Bəs, Kəlbəcər rayonunda?

Baba Rzayev: Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir.

Prezident İlham Əliyev: İndi hava şəraiti yaxşılaşıb. Yəqin ki, may ayından oraya getmək daha asan olacaq.

Baba Rzayev: Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik.

Prezident İlham Əliyev: Bəs, orada, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatı normaldır?

Baba Rzayev: Hər yerə verilib.

Prezident İlham Əliyev: Şuşada da gecə-gündüz heç bir problem yoxdur?

Baba Rzayev: Xeyr yoxdur, gecə-gündüz.

Xəbərlər