430
Aktual 25 fevral — 17:15

Paşinyan təslim olmaq istəmir: “Mənəm satqın?”

Ermənistanın baş naziri Nikol Paşinyan ordunun və müxalifətin tələblərinə baxmayaraq hakimiyyətdən getmək istəmir. Və Yerevanda tərəfdarları qarşısında çıxış edərək Robert Köçəryanla Serj Sərkisyanı Qarabağdakı məğlubiyyətdə ittiham edib. Habelə bildirib ki, müxalifət hələ müharibənin getdiyi günlərdə ordunu hərbi çevrilişə çağırırdı.

“Müxalifət özü etiraf edir ki, hələ müharibə gedəndə hərbçilərdən hakimiyyəti öz əlinə almağı xahiş etmişdi. Onlar meydanlarda məni satqınlıqda ittiham etməyə çalışırlar. Bəs bu qədər adam satqının çağırışı ilə meydana niyə çıxıb? Onlar faktiki olaraq sizi satqınlıqda ittiham edirlər. Mən ilk sırada həlak olmuş hərbçilərin yaxınlarını görürəm”,-Paşinyan tərəfdarları qarşısında bildirib.

Baş nazir müxalifətin “vahid namizədi” Vazgen Manukyanı ordunu “türklərə” qarşı deyil, öz xalqına qarşı vuruşmağa çağırmaqda günahlandırıb. Deyib ki, bu gün meydanda çıxış edənlər ordunu soyanlar, özlərinə çoxmilyonluq saraylar tikənlərdir. Bu gün isə onlar hərbçilərə “yemək, paltar verən, maaşlarını qaldıran” hakimiyyəti satqınlıqda ittiham edirlər.

Paşinyan keçmiş prezident Serj Sərkisyanın onu “torpaqları satmaqda” ittiham etməsinə cavab olaraq deyib: “O, özü etiraf edir ki, 7 rayonu Azərbaycana qaytarmağa hazır idi. Bir halda ki, siz hər şeyi razılaşdırmışdınız və ya danışıqları bu həddə gətirib çıxarmışdınız, hesab edirdiniz ki, bu düzgün qərardır, onda nəyə görə bizi torpaqları satmaqda ittiham edirsiniz? Açıq məktubla çıxış edib deyərdiniz: “Get və bu kağızı imzala””,-Paşinyan deyib.

 

virtualaz.org 

Xəbərlər