787
Aktual 24 Dekabr 2020, 16:34

İlham Əliyev Qubadlı və Laçının azad olunması əməliyyatının bəzi təfərrüatlarını açıqladı

Prezident İlham Əliyev işğaldan azad edilmiş Zəngilan və Qubadlı rayonlarına dünənki səfəri zamanı Azərbaycan ordusunun cəbhənin bu istiqamətində həyata keçirdiyi əməliyyatların bəzi təfərrüatlarını açıqlayıb. Əsgərlər qarşısında çıxış edən prezident deyib ki, Qubadlı şəhərinin azad edilməsi Azərbaycan ordusunun laçın istiqamətdə irəliləməsinin yolunu açdı. Lakin ordu düşmənin gözlədiyi kimi, Ermənistan sərhədi boyu gedən əsas yolla deyil, dağ cığırları ilə hərəkət edərək Laçın dəhlizinə çıxdı.

Prezidentin əsgərlər qarşısında çıxışından sitat:

-Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir.

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir.

Qubadlını azad etmək üçün, ilk növbədə, biz bu yüksəklikləri götürməli idik. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Eyni zamanda, Ermənistan ərazisindən bizə atəş açılırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o istiqamətdən 5 kilometr məsafədir. Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tutmuşlar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər.

Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Hər gün döyüş əməliyyatı planları mənim tərəfimdən təsdiq edilirdi və hər gün görülmüş işlərə yekun vurularaq məsələ təhlil edilirdi - gün ərzində görülmüş işlər bizim planlarımıza hansı dərəcədə uyğundur və biz hansı nailiyyətlərə çata bilmişik. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan kəndi, Türklər kəndi azad edilib və eyni zamanda, strateji yüksəkliklər ələ keçiriləndən sonra bu, bizə imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün.

Düşmən bizi bu tərəfdən gözləyirdi. Çünki təbii ki, düşmən bilirdi Şuşa azad edilməmiş müharibə dayana bilməz. Düşmən hesab edirdi ki, biz Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyik. Biz də bilirdik ki, düşmən bizi orada gözləyir. Biz Şuşaya başqa yolla getdik, onların gözləmədiyi yoldan keçdik. Bu günə qədər də onlar inana bilmirlər ki, bizim qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər. Onlar bizi buradan gözləyirdilər, eyni zamanda, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində gözləyirdilər. Biz isə Şuşaya başqa yolla getdik. Şuşaya yaxınlaşaraq bir neçə kəndi azad etdik, o cümlədən Sığnaq, Çanaxçı və Daşaltı kəndini azad etdik. Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.

Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu. Biz sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, sonra hücum əməliyyatına keçdik. Çünki biz torpaqlarımızı azad etməli idik. Ermənistanın təxribatlarına son qoyulmalı idi. Günahsız insanların həlak olmasına son qoyulmalı idi və əks-hücumdan sonra hücum edən tərəf, adətən, daha çox itki verir. Ancaq bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır. Hər bir şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması böyük faciədir, onun özü üçün, yaxınları üçün, qohumları üçün, xalq üçün. Ancaq onu da bildirməliyik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Məhz buna görə ola bilər bəziləri hesab edir ki, bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır.

Xəbərlər