1200
Aktual 29 noyabr — 18:24

Azərbaycan Birinci Qarabağ müharibəsində niyə uduzdu...

Eynulla Fətullayev

Azərbaycan müxalifəti, daha doğrusu, onun məğlubiyyətə məhkum olan qalıqları Vətən müharibəsinin bütün gedişi ərzində İlham Əliyevlə ehtiyatlı həmrəylik nümayiş etdirdilər, tarixi qələbəyə şərik olmaq istəklərini də gizlətmədilər. Lakin müxalifət olduqca daralmış məğlubiyyət vəziyyətində öz təntənəsini ifadə edirdi. Axı bir onillikdən digərinə adlayaraq,-liberal-demokratik düşərgənin dəyişməz liderləri, eləcə də Elçibəy şinelindən çıxmış yeni bişmiş liberallar isə Ermənistan işğalçı qoşunlarının Qarabağda olduğu  bütün dövr ərzində müxalifətdə olublar,-Azərbaycan ictimaiyyətini əmin edirdilər ki, Əliyev hakimiyyəti Qarabağı azad etmək iqtidarında deyil. Onların alovlu nitqlərinin, bütün proqram bəyannamələrinin preambluasını bu tezis təşkil edirdi.

Hələ üstəlik onu da iddia edirdilər ki, ölkənin müdafiə qabiliyyəti yaxşı vəziyyətdə deyil, on milyardlarla dollar büdcə ayırmaları hansısa offşor zonalara axıdılır. İldən-ilə, onillikdən-onilliyə bu bivec müxalifət ideoloqları ictimai şüura bu doqmatik postulatı yeritməyə çalışırdılar: Qarabağın azad edilməsi azadlıq inqilabından keçir. Milli demokratlar liberallarla birlikdə Elçibəyin elmini təftiş edirdilər. Nikol Paşinyana oxşayan bu adam 90-cı illərin sonlarında Qarabağın ancaq İranın dağılmasından və paytaxtı Təbriz olan vahid Azərbaycan dövlətinin yaranmasından sonra azad ola biləcəyi haqda sərsəm ideya ortaya atmışdı...

Milli demokratlar əmin edirdilər ki, Qarabağı İranın süqutundan sonra azad etmək olar

Paşinyan Azərbaycan müxalifətinin dini qəhrəmanı kimi

Bütün ölkə üçün gözlənilmədən Azərbaycan Ordusunun uğurlu əks-hücuma keçməsi başqa reallığı ortaya qoydu: bütün dünya yeni minilliyin silahlı qüvvələrinin hərbi gücünü heyrətlə izlədi. Döyüş meydanında erməni işğalçı ordusunu cəsur, qəhrəman və hərbi-texnoloji nöqteyi-nəzərdən ən yaxşı təchiz olunmuş unikal armada darmadağın elədi. Rayonları və şəhərləri bir-birinin ardınca azad edərək Azərbaycan Ordusu bir neçə nəsillər üçün əlçatmaz hesab olunan xəyalları yerinə yetirdi, Xankəndinin qapısı ağzında dayandı. Hər axşam milyonlarla azərbaycanlı televizorların qarşısına toplaşaraq və ya internetdə “Prezidentin Tvitteri” adlı yeni kəşf etdikləri söz birləşməsini axtararaq prezident İlham Əliyevin yeni şəhərlərin və rayonların işğaldan azad edilməsi haqda tvit-lərini, çıxışlarını təntənə ilə, alqışlarla dinləyirdilər.

Şübhəsiz ki, Qarabağda birinci müharibədən fərqli olaraq qazanılan hərbi uğurlar daxili siyasi çəkişmələri və qarşılıqlı iradları da arxa plana keçirdi. Və bu ümumən hakimiyyətin xidməti idi ki, ölkədə səfərbər olmuş rejim və dəqiq şaquli idarəetmə sistemi qura bilmişdi. Qarabağda müharibə gedirdi, Bakıda isə sakit və qayğısız həyat atmosferi hökm sürürdü. Bu mühiti gəncliyimizin  dəyişməz atributu-avtomagistrallardan ənənəvi sovet “Jiqulisi”ni sıxışdırıb çıxaran tanklar və zirehli transportyorar kəsirdi.

Bizim Qarabağdakı qələbələrimizin fonunda yaranan daş sükutu bu suallar pozdu: nəyə görə müxalifət bütün bu illər ərzində hakimiyyətin Qarabağı azad etmək iqtidarında olmadığını deyirdi? Nəyə görə insanların ağlında skeptizm, qəlbində şübhə toxumları əkirdi? Hakimiyyətin əsas opponentləri-Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli , habelə tirajdan düşmüş mariginal müsavatçılar yeni arqumentlər tapmaq üçün dəridən-qabıqdan çıxaraq sosial şəbəkələrdəki getdikcə seyrələn tamaşaçı qrupları qarşısında Azərbaycanın hərbi uğurlarını cəsur əsgərlərimizin və ordunun  şücaəti ilə izah edirlər. Axı cəmi bir neçə ay əvvəl hakimiyyətin ünvanına səsləndirdiyi virtual hücumlarda dəftərxana tarixşünaslığı professoru Cəmil Həsənli müasir Ermənistanın qatilinə çevrilmiş Nikol Paşinyanı torpaqları azad edən prezidentə-İlham Əliyevə misal göstərirdi! Kərimli isə 2018-ci ildə Ermənistanda məxməri inqilabla hakimiyytə gələn, ancaq Dağlıq Qarabağdakı işğalçı rejimin rahatlığını pozmayan Paşinyanı Cənubi Qafqazda inqilabların yolgöstərən ulduzu adlandırırdı. İlham Əlievin cəmi bir-iki debatla həm Ermənistanda, həm MDB məkanında gülüş hədəfinə çevirdiyi bax  həmin bu miskin Paşinyan obrazı Azərbaycan müxalifətinin sevimli qəhrəmanı idi.

İlham Əliyevin mübahisə mövzusunda bütün MDB ölkələrində gülüş hədəfinə çevirdiyi Paşinyan, Azərbaycan müxalifətinin dini qəhrəmanına çevrildi

1992-ci ildə niyə qalib gəlmədik?

Azərbaycan hakimiyyətinin opponentlərinin əslində nəinki dünyada, eləcə də bizim regionumuzda hadisələr arasında məntiqi səbəb-nəticə əlaqəsini analiz edib dərk edə bilməyən diletantlar olduğu üzə çıxdı. Layiqli, özünə hörmət edən siyasətçi belə vəziyyətdə öz opponentinin parlaq qabiliyyətini, qətiyyətini və ümumən götürəndə üstünlüyünü etiraf etməli idi. Axı İlham Əliyev 10-15 il ərzində nəinki modern və yüksək texnoloji silahlarla silahlanmış ordu yarada bildi, eyni zamanda elə unikal geosiyasi situasiya formalaşdırdı ki, dünyanın və regionun aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Azərbaycan Ordusuna erməni işğalçı qüvvələrini darmadağın etməkdə mane olmadılar. İlham Əliyev isə təkcə güclü müttəfiqləri olan Ermənistanla üz-üzə deyildi, eləcə də dünyanın ən güclü diasporlarından olan erməni diasporu ilə mübarizə aparırdı. Azərbaycan prezidenti yüz il ərzində Qərb siyasətində aparıcı rol oynayan dünya erməniliyinə qarşı dayanmışdı.

Əli Kərimli və digər müxalifətçilər əmin edirlər ki, Azərbaycan bu qələbəyə görə cəsur əsgərlərinə borcludur. Heç kim bu fikri şübhə altına almır. Lakin Əli Kərimlinin məntiqi ilə çıxış etsək, o zaman Azərbaycan birinci Qarabağ müharibəsində də qalib gəlməliydi. Çünki on minlərlə cəsur, Azərbaycanı canından artıq sevən gənc əsgərlər amansız müharibə alovunun içinə atılmışdılar. Azərbaycan isə o vaxt məğlub oldu. Və bu məğlubiyyətin səbəblərinə biz hələ qayıdacağıq.

Azərbaycan əsgəri 1992-ci ildə güclü və cəsarətli idi, amma müharibədə məğlub olduq

Əgər Kərimlinin məntiqi ilə getsək, o zaman çeçenlər də Rusiya ilə müharibədə qalib gəlməli idilər, çünki mənim yaddaşımda onlardan cəsus əsgərlər yoxdur. Gürcülər isə 2008-ci ildə Cənubi Osetiya üzərində nəzarəti saxlamalı idilər. Serbiya Kosovonu öz tərkibində saxlamalı idi. Doğrudanmı yüksək hakimiyyətə iddia edən bu adam başa düşə bilmir ki, hərbi və siyasi qələbənin üst-üstə düşməsi baş vermədən, dünya ictimaiyyətinin dəstəyi olmadan ayrıca götürülmüş hansısa ölkə yekun qələbəyə nail ola bilməz?! Siyasi üstünlük olmadan hərbi nailiyyətin ömrü qısadır! İlham Əliyev əvvəllər Ermənistanla sıx bağlı olan iki böyük ölkənin Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsinə nail olub. İlham Əliyev Avropa İttifaqının və Böyük Britaniyanın dəstəyini qazanıb, ABŞ-ın neytrallığına nail olub və bütün qonşu dövlətlərin həmrəyliyini təmin edib! Doğrudanmı dar düşüncəli və vicdansız Kərimli öz məhdud intellekti ilə bu böyük geosiyasi qələbəni analiz edə bilmir?!

Müxalifətlə hakimiyyətin virtual diskussiyası üç başlıca tezis ətrafında gedir.

Cəbhəçilər müdafiə nazirlərini bir-birinin ardınca ofisdən çıxarırdılar

Hələ müharibənin əvvəllərindəki ilk çıxışında, Azərbaycan Ordusunun işğal edilmiş torpaqlarda təzə-təzə irəliləməyə başladığı vaxtda İlham Əliyev elan etdi ki, Azərbaycan AXC dövründə itirilmiş torpaqları qaytarır. Müxalifət isə razılaşmır-Azərbaycan torpaqlarının əsas hissəsi AXC hakimiyyətindən sonra işğal edilib. Reallıqda da bu belədirmi? Tarix ən yaxşı hakimdir.

Kommunist partiyasının sonuncu lideri, eks-prezident Ayaz Mütəllibovun idarəçiliyi dövründə, 1991-ci ilin birinci yarısında Azərbaycan SSRİ daxili qoşunlarının və sovet ordusunun, hansı ki, o vaxt faktiki olaraq tərəflər arasında ayırıcı funksiyanı yerinə yetirirdi və bir növ sülhməramlılar idi, Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etdi. Məşhur “Üzük” əməliyyatı həyata keçirildi. Xankəndinə, Getaşenə, Şaumyan rayonuna, Çaykəndə qoşun yeridildi, indi yenidən aktuallaşan Laçın dəhlizi bağlandı. Hansı ki, oradan Qarabağa silah-sursat daşınırdı. Bu əməliyyatın nəticəsində quldur erməni dəstələrinin əksəriyyəti tərksilah edildi, separatçıların liderləri həbs olundu, legitim hakimiyyət bərpa edildi. Bu əməliyyatlara qarşı çıxış edən kim idi? Yerevanın Teatr meydanı başda Levon Ter-Petrosyan olmaqla, Robert Köçəryanın “Krunk” təşkilatı və Azərbaycanın Xalq Cəbhəsi!

“Üzük” əməliyyatı nəticəsində erməni dəstələrinin əksəriyyəti zərərsizləşdirilmişdi

Estoniyada keçirdikləri mətbuat konfransında erməni qeyri-formalları ilə demək olar ki, eyni mövqedən çıxış edərək AXC idarə heyətinin üzvləri Leyla Yunus və Hikmət Hacızadə sovet qoşunlarının hərəkətlərini Qarabağ ermənlərinin hüquqlarının total pozulması və erməni əhalisinin deportasiyası üçün təhlükə (!!!) adlandırmışdılar. Əlyazmalar kimi qəzet səhifələri də yanmır. Həmin dövrlər AXC-nin etiraz bəyanatlarınd əks olunur.

Və 1991-ci ilin ikinci yarısından başlayaraq AXC siyasi stabilliyin əsaslarını laxlatmağa başlayır. Prezident Mütəllibov təcrübəli general-leytenant Valeh Bərşadlını ilk müdafiə naziri təyin edir. Sovet generalı peşəkar-müqaviləli əsasda hərbçilərdən və özünümüdafiə qüvvələrindən ibarət qarışıq ordu modeli tətbiq etməyi təklif edir. Bu konsepsiyanı qısa müddətdə həyata keçirməyə başlayır. Lakin generalın ideyası cəbhəçilərin süngüsü ilə qarşılaşır. Cəmi iki ay sonra (!!) AXC müdafiə nazirinin istefası tələbi ilə kütləvi aksiyalar təşkil edir.

Mütəllibov ikinci müdafiə nazirini, yenə də sovet generalı Tacəddin Mehdiyevi təyin edir. Qarabağda ilk fəal döyüş əməliyyatları başlayır. Paralel olaraq odu quruculuğu gedir. Müharibədə uğurlar da olur, amma uğursuzluqlar da mümkündür. Azərbaycan Ordusunun bölmələri İkinci Qarabağ müharibəsində ordumuzun azad etdiyi Daşaltı kəndində uğursuzluğa düçar olur. AXC yenə də müdafiə nazirinin istefası tələbi ilə aksiyalara başlayır. Müxalifətin və ictimaiyyətin təzyiqi ilə prezident bu müdafiə nazirini də vəzifəsindən azad edir. Onun yerinə Sumqayıt milisinin serjantı Tahir Əliyevi gətirir. Bir neçə gün sonra cəbhəçilər prezident Mütəllibovun özünü də devirirlər. Hakimiyyət müxalifətin əlinə keçir. Azərbaycan bir-birinin ardınca kəndləri itirir. Nəhayət mayın 8-də AXC-nin batalyonları Şuşanı tərk edir, mayın 14-də isə AXC yenidən hakimiyyətə qayıdan Mütəllibovu devirir. Mayın 18-də AXC-nin batalyonları Laçını ölməz jurnalist Çingiz Mustafayevin lənətləri və qışqırtıları altında təhvil verir.

AXC batalyonları Laçını bir güllə atmadan təslim etdilər

1992-ci ilin oktyabrında ABŞ Konqresi Amerika yardımının Azərbaycana gətirilməsini qadağan edərək Azərbaycana qarşı sanksiyalar qəbul edir. Bu qərar AXC hökumətinin xarici siyasətinin böyük iflası idi və onun ardınca yeni hərbi uğursuzluqlar da yaşandı. AXC hökuməti Bakı küçələrində toplaşmış kvazi-partizan dəstələri – özünümüdafiə qüvvələri tərəfindən tələm-tələsik hərbi əməliyyatlar həyata keçirməklə müntəzəm və döyüş qabiliyyətli ordu yarada bilmir. Azərbaycan Mardakertin, daha sonra Kəlbəcərin böyük bir hissəsini itirir, baş nazirin müavini və Prezident Elçibəyin xüsusi nümayəndəsi Surət Hüseynov isə Gəncədə qiyam qaldırır. Azərbaycanda vətəndaş müharibəsi başlayır, dövlət iflic olmuş iqtisadiyyat, ölkənin digər bölgələrindəki separatçı meyillərin artması, siyasi sistemin çökməsi fonunda ilmə-ilmə dağılır... Prezident Elçibəy Bakıdan qaçır, iki gündən sonra Mardakert erməni birləşmələri tərəfindən tamamilə işğal edilir, iyulun 23-də isə Ağdam zəbt olunur. Tarixin dəhşətli zarafatı: Elçibəy kiçik bir dağ kəndindən hələ də Azərbaycanı idarə edir. Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyev, demək olar ki, çökmüş, daha doğrusu, iflasa uğrayan dövlətin vəziyyətini anlamağa çalışır. Məkan var, ölkə var, amma dövlət yoxdur!

Bu vaxt erməni qoşunları Azərbaycanın bölgələrini - Cəbrayıl, Füzuli, Qubadlını sərbəst şəkildə işğal edirlər... Sovet siyasətinin nəhəngi Heydər Əliyev dövlət institutlarının sındırılmış hissələrini zərrə-zərrə toplayaraq ölkəni tam dağılmaqdan qorumaq üçün çətinliklə də olsa, mübarizə aparır...

Heydər Əliyev dağıdılmış dövləti hissə-hissə yığmağa başladı

Bu, Azərbaycanın dövlət dayaqlarının çökməsinin və Dağlıq Qarabağın, sonra isə Aran Qarabağın işğalının qısa xronologiyasıdır. Və bu gün kölgədən çıxmış Ə. Kərimli 90-cı illərin əvvəllərindəki biabırçı məğlubiyyətə görə məsuliyyəti Ayaz Mütəllibovun, sonra isə Heydər Əliyevin üzərinə qoymağa çalışır?!

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun məğlubiyyəti o ölkənin siyasi sistemində çat verdi və mərkəzdənqaçma qüvvələrinin artmasına səbəb oldu. Eks-prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan xalqın  qarşısına çıxdılar, daxili siyasi böhranın yolverilməz olduğunu bəyan edərək, Azərbaycanın birinci müharibədə məğlubiyyətini nümunə göstərdilər. Ter - Petrosyan açıq şəkildə etiraf etdi: "Bizim uğurumuzu bir çox cəhətdən Azərbycanın özündə olan siyasi böhran və qarışıqlıq müəyyənləşdirdi”. Və Ümumxalq Erməni Hərəkatının lideri kədərli həqiqətə yaxındır. Amma bu böhranı hər gün hakimiyyətin dayaqlarını “yonaraq”, müdafiə nazirlərini bir-birinin ardınca kabinetindən çıxarıb əvvəlcə Sumqayıt milisinin serjantını, daha sonra isə Politexnik İnstitutunun mühazirəçisi Rəhim Qazıyevi müharibə aparan ölkənin müdafiə idarəsinin başna gətirməyə nail olmaqla kim yaratmışdı?! O zamankı prezident Ayaz Mütəllibov, hansı ki, taleyüklü günlərdə aranı qarışdıran təxribatçı kollaborasionistlərin təcrid olunması barədə əmr verməmişdi, günahkardırmı?! Bəli, Mütəllibov günahkardır, o, AXC-nin fəaliyyətinə qadağa qoymalı və Elçibəyi onun mənfur silahdaşları ilə həbs etməli idi!

Müsavat Partiyasının lideri İsa Qəmbərlə Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov arasında baş vermiş faciəvi dialoqu necə yadda saxlamaq olar? Keçmiş silahdaşlar qızğın müharibə şəraitində Şuşa və Laçını təhvil verməkdə bir-birini günahlandırırdılar.

Məgər Əli Kərimli Kəlbəcərin işğalından ölkənin necə xəbər tutduğunu xatırlamır? Eks-daxili İşlər naziri İsgəndər Həmidov birbaşa efir zamanı Dövlət Televiziyasının studiyasına girərək, doğma Kəlbəcər itkisi ilə əlaqədar ağrısını dilə gətirmək üçün yayım qonaqları arasında dava saldı. "Siz burada siyasi diskussiyalar aparırsınız, düşmən isə maneəsiz olaraq Kəlbəcəri tutdu", - deyə çağırılmamış qonaq studiyada qışqıraraq  dedi. Amma nədənsə İsgəndər Həmidov studiyada Kəlbəcərə görə müxalifətçisi Mübariz Qurbanlıdan qisas almağa çalışırdı. Və siz buna dövlət deyirsiniz?! Kərimli belə məsuliyyətsiz hakimiyyətlə qürur duyur?

Elçibəyin hakimiyyəti dövründə rus əsgərləri harada dayanmışdılar

Madrid prinsiplərində nizamlanma prosesi çərçivəsində nəzərdə tutulmuş sülhyaratma qüvvələrinin yeridilməsi müxalifət tərəfindən milli-dövlət maraqlarına xələl gətirmək kimi qələmə verilir. Müxalifət saman çöpünə əl atıb, nəhayət, ayağının altında boş olsa da, torpaq hiss eləyib. Ə. Kərimli şəbəkə ictimaiyyəti qarşısında lovğalanır-guya bizə bu qiymətə qələbə lazım deyildi. Elçibəy hökuməti Rusiya qoşunlarını Azərbaycandan çıxarmağa nail olmuşdu, yüzilliyin dörddə bir hissəsindən sonra isə metropoliya ordusunu ölkə ərazisinə qaytardılar.

Rusiya sülhməramlıları Moskva sazişinin icrasını tam həcmdə təmin ediblər

Sual olunur, əgər 1992-ci ildə Rusiya alayı Qarabağda yerləşirdisə, AXC Rusiya qoşunlarının çıxarılmasına necə nail olub? Yoxsa Kərimli Qarabağı Azərbaycanın bir hissəsi hesab etmir? Başqa məsələdir ki, Rusiya qoşunları Bakıya, Gəncəyə və ya ölkənin başqa bir hissəsinə daxil olubmu? Rusiya sülhməramlıları yenidən Qarabağa daxil olub, öz öhdəliklərini yerinə yetiriblər-Kəlbəcəri təmizləyiblər və dekabrın 1-də Ermənistan silahlı birləşmələrinin AXC hökuməti dövründə müqavimətsiz və döyüşsüz təslim edilmiş Laçın rayonunun azad edilməsi haqqında razılaşma yerinə yetiriləcək.

Bəs nə üçün Əli Kərimli Rusiya qoşunlarından danışarkən Türkiyə hərbçilərini, Birgə Monitorinq Mərkəzini və Rusiya və Türkiyə qoşunlarının patrulunu xatırlamır? AXC lideri böyük tarixi Qələbənin əhəmiyyətini dərk edirmi? Kərimli bilirmi ki, Azərbaycan qoşunları cəbhəçilər tərəfindən verilmiş Şuşanı, eləcə də 1988-ci ildən bəri bir azərbaycanlının ayaq basmadığı Hadrut bölgəsinə nəzarət edir?

Yerevanda təslim aktı elan edilən Moskva müqaviləsinin qarantı kimi çıxış edən və beynəlxalq hüququn ərazi bütövlüyü və üstünlüyünü tanıyan Rusiyanın rolu niyə Əli Kərimlini və müxalifəti qane etmir? Yoxsa Kərimliyə Qarabağ yox, böyük kataklizmlər və sarsıntılar lazımdır? Axı İlham Əliyevin Qarabağı azad etməsi, arzuladığı hakimiyyət uğrunda Gəncə darvazasını da açmağa hazır olan Azərbaycan Paşinyanının planlarına heç cür daxil deyildi.

Nə üçün Kərimli Azərbaycanı ədalətli azadlıq müharibəsində dəstəkləyən Rusiyanı düşmən ölkə hesab edir? Yalnız ona görə ki, Kərimli Amerika səfirliyində Azərbaycan Hökuməti ilə mübarizəyə vəsait alır? İndi, 27 ildən sonra hakimiyyət yenə də Qarabağdan üstündür?

Bütün bu suallar ehtimal ki, çətin həll edilən dilemmalar yox, daha çox cavablardır. Necə olur ki, Ermənistan ictimaiyyətinin mütləq əksəriyyətinin biabırçı təslim olma aktına görə Paşinyan hökumətinə xəyanət barədə yekdil hökm çıxardığı bir vaxtda Kərimli Azərbaycanın böyük qələbəsinə kölgə salır?

"Kollektiv Elçibəyin" iflası, “Kollektiv Paşinyanın" sonunun başlanması

Kərimli bu qələbəni həm də ona görə natamam hesab edir ki, Azərbaycan Ordusu sırf erməni əhalisinin məskunlaşmış olduğu  sonuncu Qarabağ ərazisini azad etməyib. Bu arqumenti inkişaf etdirən primitiv siyasətçi Fransa Senatı qətnaməsinin hökumət tərəfindən qiymətləndirilməsi ilə də razılaşmır. Azərbaycan hakimiyyəti, XİN, həmçinin Fransa hökuməti bu sənədi yalnız deklarativ, heç nəyə rəsmi öhdəlik qoymayan çağırış hesab etdikləri halda, Əli Kərimli ona təhlükəli, məkrli və küfrlü bir məna verir. Cəbhəçilərin lideri əmindir ki, bu, Azərbaycan diplomatiyasının qarşısını almalı olduğu təhlükəli presedentdir. Tutaq ki... Bəs Ə. Kərimli indi öz məhdud təxəyyülündə Azərbaycan Ordusunun erməni əhalisinin kompakt yaşadığı rayonlara hücum edəcəyi təqdirdə, açıq-formal yox, beynəlxalq-hüquqi qətnamələrin formasını təqdim edə bilərmi?!

Adi bəyanat: "Kollektiv Elçibəyin iflası"

Əminəm ki, Azərbaycan Ordusu Xankəndiyə hücumunu davam etdirsəydi, Kərimli hakimiyyəti uzaqgörməzlikdə, yanlış strategiyada, qəsdən Qərb xristian dünyası ilə Azərbaycana bəla gətirən qarşıdurma yaratmaqda (və əlbəttə ki, Kərimlinin versiyasına görə, Rusiya tərəfindən qızışdırılan) ittiham edərdi. Və əlbəttə ki, 1991-ci ildə olduğu kimi, cəbhəçilərə yaxın liberal qanad da öz hökumətlərini yerli erməni əhalisini deportasiya etmək siyasətində günahlandıracaqdı. Qəti şübhə etməyin. Əks halda Kərimlinin, bir tərəfdən Fransız sənədinin əhəmiyyətinə işarə etməsini, digər tərəfdən isə Qarabağın erməni icmasının son tikəsinin udulmasını tələb etməsi barədə qaəzəbli çıxışındakı ziddiyyəti necə izah etmək olar...

Amma Kərimli əsas bədbəxtliyi toplaşma azadlığının olmamasında və paytaxtın mərkəzində kütləvi mitinqlərin keçirilməməsini görür. Guya müxalifət mitinqlərinin olmaması Qərb ölkələrinin Azərbaycana qarşı mənfi münasibətini əvvəldən müəyyən edib. Bu zaman Kərimli cavab verməkdə çətinlik çəkib ki, bəs nə üçün dünya demokratiyasının beşiyi – Böyük Britaniya Azərbaycanı dəstəkləyib? Burada o, müharibə dövründə, Bi-Pi-nin Londondakı ofisini piket etmiş erməni fəallarla həmrəydir. Kərimli London və Parisin mövqelərdəki fərqləri neft imperializminin imperativliyi ilə izah edir.

Şəbəkədəki müxalif fəallığının yeni sıçrayışını yekunlaşdıraraq, bir daha Azərbaycanın yeni siyasi tarixinin köklərinə qayıdıram.  Xalq Cəbhəsinin 1988-ci ildəki ilk mitinqləri Şuşa yaylasının cənub-şərq hissəsindəki Topxana meşəsində qanunsuz ağac kəsilməsinin dayandırılması tələbi ilə keçirilmişdi. Başıbəlalı Daşaltı kəndinin əldən-ələ keçən dərəsində Azərbaycan hakimiyyəti, nəhayət, möhkəmləndi. Bundan başqa, ümidverici Moskva razılaşması döyüş olmadan və hətta bir güllə belə atılmadan 27 il ərzində ağlasığmaz olan ata-baba torpaqlarının Azərbaycana qaytarılmasını şərtləndirdi. Prezident İlham Əliyevin dəqiq tərifinə görə sərgüzəştli bir ictimai-siyasi təcrübə - "kollektiv Paşinyan" tamamilə çökdü.

"Kollektiv Elçibəy" pleyadasının əsasını təşkil edən bu eksperiment milyonlarla insanın həyatı və qırılmış taleləri bahasına başa gəldi, lakin böyük fədakarlıq bahasına olsa da, bu faciəli dramın Azərbaycan rekviyemi artıq geridə qalıb. Permanent müharibələrdən və inqilablardan sarsılan Ermənistanın özündə də qanunauyğun katarsis baş verir. Zaqafqaziyada çoxdan gözlənilən sülh və əmin-amanlıq, sabit inkişaf və tərəqqi baş verir. Hamımız amansız müharibələr, inqilablar və sarsıntıların yaralarını müalicə etməliyik…

Xəbərlər