170
Aktual 26 sentyabr — 12:15

İstixana sahibləri qaza görə borclarını ödəməyə başladılar

2020-ci il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün növbəti isitmə mövsümünün yaxınlaşmasına az müddət qalır. Bu ərəfədə borclu istixana sahiblərinin ödənişlərində irəliləyişlər hiss olunmaqdadır.

“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 92,3 % təşkil edir. Şəmkir Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 67,1 % təşkil edir. Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 89,6 % təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1 %-ə bərabərdir.

Qeyd edək ki, pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün bəzi sahibkarlar tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə müraciətlər daxil olmaqdadır. Ölkədə sahibkarlığın inkişafına göstərilən diqqətə dəstək olaraq Birlik də bu kimi məsələlərin qarşılıqlı şəkildə həllinə önəm verir: “Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılır. Bu kimi qarşılıqlı anlaşma üçün müraciət edənlərdən Bakı şəhəri üzrə "Rəvan-Turan" MMC-ni, "AS AQRO CO" MMC-ni, Şəmkir bölgəsi üzrə sahibkarlar Dilqəm Ələkbərovu, Hafiz Əliyevi, Nigar Musayevanı, Aida Quliyevanı və başqalarını, Salyan bölgəsi üzrə Natiq Dostəliyevi və Səxavət Əliyevi misal göstərmək olar”.

Xatırladaq ki, bu ilin əvvəlində “Azəriqaz” İB istixana sahiblərinin borcları ilə mübarizəyə yönəlmiş, məbləği milyonlarla manat hesablanan fəal və genişmiqyaslı bir işə başlamışdı. İlk addımlar çətinliklə atıldı, tərəflər tez-tez həmişə birmənalı qərarlar verməyən məhkəmələrə üz tutdular. Paralel olaraq, iş qanuni müstəvidə aparıldı. Və sevindirici haldır ki, bir neçə ay ərzində İB dönüşə imza atdı - bu gün ümidsizlikdən həyəcan təbili çalmır, əksinə faktların sadə ifadəsi ilə çıxış edir. Bütün bunlarda İB-nin təşəbbüsünü dəstəkləyən KİV də az rol oynamayıb.

Virtualaz.org

Xəbərlər