2480
Aktual 31 Avqust 2020, 13:06

Suriyadan qalxan Rusiya hərbi-nəqliyyat təyyarəsi Yerevana nə gətirdi?...

Avqustun 25-də Rusiyanın Suriyadakı Hmeymim aviabazasından qalxan İl-76 hərbi-nəqliyyat təyyarəsi Yerevanda enib. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyədən yayımlanan “Haber Global” telekanalının Rusiyanın son həftələrdə Ermənistanı silahlandırmaqda davam etdiyi barədə reportajında deyilir.

Telekanal bildirir ki, avqustun 25-dən etibarən hər gün Mozdok (Rusiya)-Aktau (Qazaxıstan)-Türkmənbaşı (Türkmənistan)-Nevşəhr (İran)-Rəşt (İran)-Mehri (Ermənistan)-Yerevan marşrutu ilə İl-76 hərbi-nəqliyyat təyyarələri reyslər həyata keçirir. Uçuş marşrutunun bu cür qarışıq olması təyyarələrdə Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakıda bildirdiyi kimi, Gümrüdəki 102-ci hərbi bazaya “inşaat materiallarının” daşınmadığını, Ermənistanı yeni müharibəyə hazırlamaq üçün silah daşındığını göstərir.

Habelə radar məlumatlarına əsasən avqustun 25-də Suriyadan qalxan Rusiya hərbi-nəqliyyat təyyarəsi də Yerevana enib. Telekanal bildirir ki, Rusiya təyyarələri son 25 gündə Ermənistana 500 tondan çox silah daşıyıb.

Xatırladaq ki, bundan əvvəl iyul ayında-Ermənistan ordusunun Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərinə hücum etdiyi günlərdə Rusiya İl-76 təyyarələrinin Ermənistana yuxarıda açıqlanan marşrutla 400 tona yaxın silah daşıdığı məlum olmuşdu. Bu faktla bağlı Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng vuraraq narahatlığını çatdırmışdı.

Daha sonra müdafiə naziri Sergey Şoyqu Rusiyanın hər il təşkil etdiyi ordu oyunlarının dəniz mərhələsi ilə əlaqəli olaraq Bakıya gələrkən təyyarələrin guya “inşaat materialları” daşıdığı şəklində gülünc izahat vermişdi. Rəsmi Bakı isə bəyan etdi ki, Rusiya tərəfinin bu izahatını inandırıcı hesab etmir və daha tutarlı izahat gözləyir.

Virtualaz.org

Xəbərlər