553
Aktual 28 avqust — 17:54

Hələ də cavab yoxdur: bu qalıqlar Mikayıl Müşfiqindir ya yox?

“Mütəxəssislər görkəmli şair Mikayıl Müşfiqin ehtimal olunan qalıqlarının araşdırılmasını davam etdirirlər. İlkin olaraq axtarışlara bununla bağlı başlanılmışdı, lakin sonradan işin əhatə dairəsi genişləndirildi".

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, bu ərazidə partiya üzvlərinin, dövlət xadimlərinin və repressiya illərində güllələnmiş digər şəxslərin qalıqları tapılıb.

"İndi ekspertiza qalıqları bu yerdə tapılan hər kəsin şəxsiyyətini təyin etməyə çalışır. Araşdırmalar davam edir, ərazidən yeni qalıqlar gətirilir. İstintaq məxfidir, buna görə sizə dəqiq bir siyahı deyə bilmərəm", - deyə o bildirib və əlavə edib ki, tədqiqatların nə vaxt  başa çatacağını bilmir.

"Bu işə başlayarkən iki-üç həftə ərzində başa çatacağını düşünürdük. Ancaq iki ildən çox vaxt keçib, hələ nəticələr yoxdur. Başa çatacağı vaxtı dəqiq göstərmək mümkün deyil", - deyə Ə.Həsənov qeyd edib.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri zamanı Stalin illərində repressiyaya məruz qalmış bir çoxlarının  basdırıldığı yerdə böyük Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmışdı. Bununla əlaqədar virtualaz.org dahi şairə aid olduğu ehtimal edilən qalıqların müəyyənləşdirilməsi və yenidən dəfn edilməsi üzrə ictimai təşəbbüslə çıxış etmişdi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev repressiyaya məruz qalmış Azərbaycan şairi Mikayıl Müşfiqin ehtimal olunan qalıqlarının araşdırılması üçün AMEA, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və digər qurumların nümayəndələrindən ibarət İşçi Qrupun yaradılması barədə tapşırıq vermişdi.

Virtualaz.org

Xəbərlər